Toğrul Əsgərov: “Kəpəz”in durumu hamı kimi, məni də narahat edir

“Kəpəz”in premyer liqanın son turunda “Səbail” üzərində qazandığı 2:1 hesablı qələbəni stadiondan izləyənlər arasında olimpiya çempionu Toğrul Əsgərov da olub. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər”in sadiq azarkeşi kimi tanınan gəncəli bahadır oyun haqda klubun saytına açıqlama verib:

“Bilirsiz ki, imkan düşdükcə, oyunlara gəlirəm. Məşqlər intensivləşib deyə, son vaxtlar nadir hallarda stadionlarda görünürəm. Amma nəticələri izləyirəm. Gəncədə olduğumdan, “Səbail”lə görüşə baxmağı qərara aldım. Komanda qol vuranda da gördüm, öz qapısından top buraxanda da (gülür). Darionun zərbəsi dirəyə dəyməsəydi, yaxşı qol olacaqdı. Maraqlı oyun alındı. Qələbəyə görə sevinirik. Bunun davamlı olmasını istəyirik.

Təbii ki, komandanın vəziyyəti hamını olduğu kimi, bir azarkeş qismində məni də narahat edir. Gəncə azarkeşi uduzmağı sevmir. Ona görə qələbələrin arzusundayıq. Pis günün ömrü az olar. Baş məşqçimizə, klub rəhbərliyinə inanırıq. Bilirik ki, onlar “Kəpəz”i düşdüyü durumdan çıxarmaq üçün əllərindən gələni edirlər.

Komanda xoşuma gəldi, uşaqlar layiqli mübarizə aparırlar. Futbol kollektiv idman oyunudu, heyət qışda yenilənib. Futbolçuların bir-birinə uyğunlaşması üçün vaxt lazımdı. Peşəkar idmançıyam, belə şeyləri yaxşı başa düşürəm. İdmançı formasından uzaq düşə və sonra onu bərpa da edə bilər.

“Kəpəz”in bundan da pis günləri olub. Amma tədricən vəziyyət düzəlib və azarkeş kütləsini yenidən arxasına yığıb. Doğma klubuma uğurlar arzu edirəm. Bu qədər azarkeşi olan komanda bu yerdə ola bilməz. İnşallah, “Kəpəz” istədiyi yerə çatacaq. Ümid edək ki, bundan sonra hər şey yaxşı olacaq. Buna inamımız böyükdü, klubu dəstəkləyirik”.

Həmin kateqoriyadan