Toğrul Əsgərovun şəxsi məşqçisi 70 illik yubileyini qeyd edir

Bu gün “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Elçin Zeynalovun 70 illik yubileyi qeyd olunur. Allsport.az saytı xəbər verir ki, o, 1 aprel 1948-ci ildə Gəncədə anadan olub. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən yubilyar Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır.

Bir çox yetirməsi dünya, Avropa çempionatlarının, dünya kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov London-2012-də qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro olimpiya oyunlarında gümüş medala yiyələnib.

Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Güləş Federasiyasının kollektivi Elçin Zeynalovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayır.

Həmin kateqoriyadan