Tomaş Ayandan AAAF-ə təşəkkürnamə

İslam oyunları çərçivəsində Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasında ağırlıqqaldırma üzrə yarış keçirilir. Allsport.az saytı xəbər verir ki, Bakı-2017-nin  gedişini izləmək üçün Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayan da paytaxta səfər edib.

Qurum rəsmisi yarışların təşkilat səviyyəsindən razı qalıb. Cənab Ayan bunu bir daha ifadə etmək üçün xüsusi addım atıb. IWF prezidenti və qurumun İdarə Heyətinin üzvü Mohammad Cəlud rəhbərlik etdikləri təşkilatın xüsusi təşəkkürnaməsini Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov və baş katib Rizvan Rəsulova təqdim edib.

Tomaş Ayan qısa nitq söylərək İslam Oyunlarında qonaq olmaqdan böyük məmnunuluq duyduğunu bildirib: “Bakıdakı təşkilatçılıq çox yüksək səviyyədədir. Gördüklərim məni sevindirdi. Həmişə olduğu kimi Azərbaycan bu işlərdə öncüllərdəndir. Ağırlıqqaldırmaya verilən xüsusi dəyərə təşkilatçılıq zamanı bir daha şahid oldum. AAAF rəhbərliyinə, onun vitse-prezident və baş katibinə bu mükafatı təqdim edərək öz təşəkkür və sayğımı bildirirəm. Mənə, ümumilikdə bu idman növünə xoş münasibətə, belə yüksək səviyyəli yarış təşkilinə görə bir daha təşəkkür edirəm”.

Həmin kateqoriyadan