“Türkiyə və Gürcüstanın dünən olimpiya və dünya çempionu vardısa, bu gün onların heç xalları yoxdur”

Xorvatiyanın paytaxtı Zaqrebdə sərbəst güləşçilərimiz üçün dünya çempionatı başa çatdı. Allsport.az saytı xəbər verir ki, görüşlər bitdikdən sonra millimizin baş məşqçisi Xetaq Qazyumov Bakıdan ezam olunan azərbaycanlı KİV nümayəndələrinə açıqlama verdi:

“Komandanın çıxışını “4” qiymətləndirirəm. Bəzi uşaqlar da bizi sevindirə bilərdi. Müxtəlif səbəblərdən onlar istəklərinə çatmadılar. Bir neçə komanda üzvü ilk dəfə dünya çempionatında iştirak etdi. Bu mənə sevindirir. Özəlliklə, Nürəddin Novruzovun medal qazanmasını yüksək dəyərləndirirəm. Fikrimcə, onun fərqlənməsi digər cavanlara təkan verəcək.

Millidə gərgin rəqabət ovqatında əminəm ki, Nürəddinin mükafatına digərləri həsəd aparacaqlar və yaxşı mənada paxıllıq edib, onlar da fərqlənmək istəyəcəklər. Ümid edirəm ki, Novruzovun timsalında gələcəyin dünya çempionlarını yetişdiririk.

8 ildir dünya çempionunun olmamasına gəldikdə, bu, çox böyük rəqabətlə əlaqəlidir. Digər ölkələr də bizim kimi hazırlaşırlar, var qüvvələrini ortaya qoyurlar. Birində yaxşı, birində zəif məktəb var, amma onların hamısı eyni hədəfə köklənir.

Bizim dönəmdə güclü nəsil vardı: Cəbrayıl Həsənov, Toğrul Əsgərov, Hacı Əliyev. Belə bir nəsil yetişdirib ortaya çıxarmaq üçün 4-8 il müddət lazımdır. Bunun üçün nəhəng iş ortaya qoymaq gərəkdir. Türkiyə, Gürcüstan kimi güclü güləş ölkələrinin dünən olimpiya və dünya çempionları vardısa, bu gün onların nəinki medalı, heç xalları yoxdur. Bu nədən deməkdir? Taha Ağgül, Geno Petriaşvili nəsli getdi, indikilər o deyillər. Biz də yeni nəsil yetişdirməliyik.

Qazandığımız 4 medalın 2-si olimpiya dərəcəsində idi. Bu, sevinclidir. Qeyri-olimpiya çəkisində mükafata yetişənləri zamanla olimpiya çəkilərinə yönəldəcəyik ki, olimpiada ərəfəsində gərgin və sağlam rəqabət olsun”.

Kamran HACI, Zaqreb

Həmin kateqoriyadan