- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniya paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə “klassiklər”də 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb.
Fəraim Mustafayev (55 kq) finalda erməni Hayk Lyudviqyana tam üstünlüklə (13:4) qalib gələrək titulunu qoruyub. O, ötən il Bolqarıstanın Samokov şəhərində eyni yarışda Avropa çempionu olmuşdu.
Daha 3 güləşçimiz gümüş medal qazanıb. Elvin İbadov (48 kq) həlledici görüşdə gürcü Vaxtanq Loluaya, Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulosa, İsmayıl Rzayev (80 kq) moldovalı Mihay Qutuya yeniliblər.
Hal-hazırda Azərbaycan yığması 95 xalla komanda hesabında aşkar liderdir. Millimiz ən yaxın izləyicisi olan Macarıstanı 36 xal qabaqlayır. Sabah millinin daha 4 üzvü medal üçün güləşəcək. Onlardan 3-ü qızıl, 1-i bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu yarışda Azərbaycan güləş tarixində yeni rekord qeyd alınıb. İlk dəfə yunan-Roma güləşində U-17 Avropa çempionatında 8 güləşçimiz finala vəsiqə qazanıb. Buna qədər güləşin bu növündə rekord göstərici 4 final olub.