U-23 dünya çempionatında hansı güləşçilər çıxış edəcək?

Oktyabrın 17-dən 23-dək İspaniyanın Pontevedra şəhərində U-23 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, AGF-in rəhbər şəxsləri məsul yarış ərəfəsində komanda üzvləriylə görüşərək onlara mundialda uğurlar arzulayıb.

Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə millimiz mübarizə aparacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Qurban Qurbanov (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcəklər.

Qadınların yarışında baş məşqçi əvəzi Rövşən Umudov və böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (59 kq), Birgül Soltanova (62 kq) və Nigar Mirzəzadə (65 kq) mübarizə aparacaqlar.

Yarışın son günlərində isə sərbəst güləşçilər qalibləri müəyyənləşdirəcək. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Kənan Heybətov (70 kq), Hacımurad Hacıiyev (74 kq), Əşrəf Aşırov (79 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) uğur qazanmağa çalışacaqlar.

Bizdən DÇ-də ədaləti I-S kateqoriyalı hakim Sədi Quliyev qoruyacaq.

Həmin kateqoriyadan