Batı YAR
Ümidli başlanğıcın məsuliyyətsiz sonluğu

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

Azərbaycan milli futbol komandası böyük ümidlərlə başladığı və tarixi inkişaf uğuruna yaxın olduğu daha bir seçmə mərhələni ən gözlənilməz, məsuliyyətsiz sonluqla bitirdi.
Hələ şimal irlandlarına naçar məğlubiyyətdən sonra çexlərlə matçı – bu rəsmi seriyada son ev oyununu – “Qiymət ümidi son oyunun qığılcımına qaldı” deyərək, bütün diqqəti məhz bu görüşə təsadüfən yönəltməmişdik. Tarixində ən yüksək nailiyyəti əldə edərək, ilk dəfə ikirəqəmli xallar seriyasına qədəm qoymuş milli komanda, əslində, bu mərhələdə daha yüksək nailiyyət əldə etməli idi. Hətta Berti Foqtsun ötənhəftəki qəzet guşəsində sarsaqlamalarına baxmayaraq, bu dəfə komanda çox şeyə qadir olmalıydı. İlk növbədə, mütləq autsayder San Marino ilə qarşılaşmalarda toplanılan 6 xal istisna olmaqla, doğma divarlar arasında, “alman maşını”nı çıxmaqla, qalan rəqiblərin hər birindən 3 xal qoparmaq olardı. Bunu həm həmin rəqiblərin hazırkı səviyyəsi, həm də tarixi şərait diktə edirdi. Amma “sən saydığını say…” prinsipi ilə bu dəfə sayğacını işə salanlar çox oldu.

Açığı, hələ matçdan xeyli əvvəl bunu zənn etmək olurdu. Keçən yazda baş məşqçinin komandadan getmək istəyi ortalığa çıxandan sonra vəziyyətin 180 dərəcə dəyişməsi çox mətləblərdən xəbər verirdi.
Olsterlilərlə səfər matçından başlamaqla addım-addım ən məsuliyyətsiz görüşlər bir-birinə calanmağa başlandı və nəhayət, Çexiya ilə qarşılaşmada apogeyinə çatdı. Bu mərhələdə ən məntiqli və həmin oyuna, bütün mərhələdə komandanın çəkdiyi zəhmətə ən layiq olan “cəza hökmü”nü isə Almaniya ilə Kayzerslauterndə keçən matçda Qoretskanın 9-cu dəqiqədə dabanla qapıya xəfif ötürməli zərbəsi ilə açılan hesab kəsdi. Bundan istehza və kinayəli vəziyyəti düşünmək də çətin olardı. Sadəcə, son iki matçda qapıçının çəkdiyi zəhmət bununla fövtə verildi.

Çexlərlə qarşılaşmada, heç olmazsa, onsuz da son ümid yeri olan qapıçı bir yana, digər futbolçuların özlərindən də nəsə gözləyirdik. Axı, “14” nömrə ilə tarixə keçən kapitan, 2001-ci ildən milli komandanın formasını geyinib, gah yüksəlişli, gah enişli, gah assosiasiya rəhbərliyi ilə prinsipial soyuq müharibədə, gah da mülayim ab-havada keçən zəngin karyerası boyunca Rəşad Sadıqov ən mühüm keyfiyyətini itirmədi: hərdən mübarizliyi və mətinliyi, bəzən sadəliyi, bəzənsə xarakter qətiyyəti ilə özünü layiq olduğu mənsəbə yetişdirdi. O, əsl lider, əsl kapitan, əsl futbolçu, əsl fədai kimi xatırlanacaq bir meydan həyatı sürdü. Əlbəttə, hələ onun yolu Çempionlar Liqasının ilk azərbaycanlı kapitanı kimi “Qarabağ”la davam edəcək.

Matçdan əvvəl kapitana gözlənilən xatirə hədiyyəsi verildi. Halbuki onun layiq olduğu daha sanballı yolasalma kampaniyasına, hələ üstəlik, fürsətdən istifadə edən AFFA üçün bu an təbliğat maşınına çevrilməli idi. Milli komandaya inam o qədər azdır ki, komanda, hətta kapitana görə də, meydana azarkeş toplaya bilmir. Açığı, 8-ci kilometrdəki stadionu azarkeşlə düz-əməlli doldura bilməyən bir komandanın nəhəng Olimpiya stadionuna üz tutması buraxılmış ilk böyük səhv idi. Cəmi 5-6 min, ya da bir az artıq azarkeşin toplaşdığı arena nə qədər cılızlaşmışdı həmin gün – yeri gəlmişkən, onsuz da qalib gələcəyi bəlli olan və autsayderlərdən birini qəbul edən Almaniya millisinin heç bir əhəmiyyət kəsb etməyən görüşünə gələn azarkeşlərin sayı ilə müqayisə də aparmaq istəyənlərin nəzərinə – əfsanə Frits Valterin adını daşıyan arenada anşlaq idi. Başqa nə cür ola bilərdi ki?! Axı, meydanda Almaniya millisidir və onun hər oyunu bir hadisədir.

Bizdə isə vəziyyət fərqlidir. Baş məşqçinin dəvət etdiyi oyunçuların siyahısını, hələ bu az imiş kimi, onun start heyətini görən ən diletant, futbol anlayışı olmayan da başa düşərdi ki, məğlubiyyət hökmü əvvəlcədən çıxarılıb. Bunu hərə bir cür izah etdi, hamısının haradasa həqiqət payı var. Millətlər Liqasının həngaməsindən sonra bu iddialardan ən absurduna belə bu start heyəti ilə kim inanmazdı ki? Hələ, üstəlik, məşqçi korpusu dərhal Almaniya ilə matçda tam fərqli – bir az reallığa uyğun heyət çıxarmışdı.

Hər nə oldusa, bununla məsuliyyətsizliyin mümkün olmayan, fəth edilməyəcək zirvələri belə aşıldı. Klubunda forma geyinməyən futbolçuların əsas heyətdə yer alması, liderlərin isə ehtiyat skamyasında qalması nə deməkdir, görəsən – bunu kim izah edəcək, sorğu-sualını kim aparacaq? Hətta Foqtsun absurd heyətləri belə bundan şükürlü olurdu. Çünki adamın öz prinsipləri vardı. Bəs hələ karyerasında elə bir məşqçi uğuru payı olmayan, Azərbaycanla qazanacağı inamlı nəticə ilə “şəxsi işi”nə yaxşı sətirlər yaza bilməyən toplaya biləcək bir məşqçi nə üçün bu addımları atdı – qisasmı alırdı, yoxsa hər hansısa naməlum məsələlər var idi ortalıqda? Bu sualların cavabı çox sadədir. Bu qədər qaranlıq mətləblərə baş qoşmadan onu deyə bilərik ki, bir komandanın sükanı arxasına keçən mütəxəssisə imtiyaz həddi hesabatsızlığa, cavabdehsizliyə, ictimai hörmətsizliyə çevriləcəksə, bunun sonu total saymazlıq və məsuliyyətsizlik olacaq. Foqtsun yoluna salınan sükançı əvvəlcə məşqçilər şurasına, sonra mətbuata, sonra ictimaiyyətin bütün təbəqələrinə saymazlığı ilə bu həddə çatdırıldı. Axırda nə klubları izlədi, nə də bir kimləsə hesablaşdı. Axı, bu şəraiti yaradan olmasa, vəziyyət bu qədər kritik dalanda dirənərdimi?
Bu məsələləri buraxaq səlahiyyət sahiblərinin ixtiyarına. Çünki bundan ən çox zərbə onların özlərinə dəyir, yekun nəticədə, baş məşqçinin onlarla hesablaşmadığı, onları saymadığı ayaq açıb yeriməyə başlayıb. Bu barədə pərdə arxasında danışılanlardan heç bəhs etməyə dəyməz. Hər nə oldusa, ağır zərbəni yenə Azərbaycan futbolu aldı.

Toplanılan statistik xal rekordu da perspektivdə heç bir ümidverici işıq közərtmədi. Hərçənd hər şey tam başqa macəra ilə başlayıb tam fərqli məcrada davam edirdi. Apennin cırtdanından alınacaq xallarla möhkəmləndiriləcək bu uğur – tarixin dönüş anı kimi – Azərbaycan futboluna çox yenilik, fərqli düşüncə tərzi, özünəinamla yeni yüksəliş məqamı gətirə bilərdi. İlk öncə meydana azarkeş qayıdardı. Lakin belə olmayacaq və gözləmək lazım gələcək. Əfsus ki, bu mərhələdə Norveç və Çex nağılları ilə min bir zəhmətlə toplanılan nüfuz yerə çırpılaraq bihörmət edildi. Belə məsuliyyətsizliyin cəzası olur, kim verməsə də tarix verir. Hələ mükafatlar şıdırğısından və gözlənilən qalmaqalından da çox bəhs etmək olar. Nailiyyəti olmayan, cəmi bir oyunda nəsə xal toplayan, hələ özülünü bərkitməmiş bir komandanın bu qədər şişirdilməsi nəyə lazım idi? – bu da yenə rəsmilərə yönələn suala çevrilir.
Əlbəttə, kimsə çexlərin daha səviyyəli olduqlarını iddia edə bilər. Lakin komandanın dağınıq olmasını təkcə bir faktla sübut etmək olar: Azərbaycan komandasının ən bərbad oyununda ən bərbad heyətinə bu komanda çox böyük qüvvə sərf edərək qalib gəldi. Əksini düşünənlərə, elə oyunun içindən kifayət qədər misal da çəkmək olar.

İndi milli yenə dalana dirənib. Artıq belə bir mərhələdə uğur işartısı yoxdursa, fəlsəfəni, düşüncəni, futbola yanaşmanı, iş tərzini dəyişmək zamanıdır. Boş statistik uğurlardan yapışıb heç yerə getmək mümkün deyil: komandanın belə bir münbit qrupda cəmi 10 xal toplaması yalnız sorğu-sual obyekti olmalıdır (Hərçənd baş məşqçi iddia edir ki, belə mürəkkəb qrupda böyük ubur əldə olunub). Deyək ki, guya Foqtsun adı, imici, mənsəbi onunla sərt davranmağa mane olurdu. Bəs nə üçün Prosineçki işinə böyük həvəslə başlayıb bu qədər səhlənkarlıqla başa vurur? Nə üçün əcnəbi məşqçilərə bu ölkədə bu qədər heyranlıqla, üzgörənliklə yanaşılır? Hesabat məqamı yetişməyibmi?

Yox, daha klublarından millilərə, uşaq yarışlarına qədər futbola baxışın dəyişməsi zamanıdır. Bunu klublarımızın dırmandığı rəsmi yarışlar yüksəklikləri, ölkəmizin, elə AFFA-nın da böyük səyləri ilə əldə edilən təşkilatçılıq qazancları tələb edir. Bu qədər zəhməti heçə endirmək, ona zərbə vurmaq olmaz. Əgər kimsə “futbolumuzun səviyyəsi bundan artığına imkan vermir” deyə düşünürsə, yanılır və səhv yoldadır. Çünki məqsədə doğru addım-addım, mərtəbə-mərtəbə getmək lazımdır və bu da o mərhələlərdən biri idi. Onun təməlində boşluq olarsa, əldə olunan uğurlar, sadəcə, bir ilğım kimi, bir gün puç olacaq. Uğurlarsa millinin adı ilə bağlı olmadan təməl qazanmır. Əslində, klub səviyyəsində bu gün uğurları olmayan, tarixdə nadir qazanclarından bəhs ediləcək Xorvatiyanın, Serbiyanın, elə Çexiyanın, Polşanın və s. ölkələrin nümunəsindən bəhs etmək istərdim. Lakin geniş yayılmış və daha anlaşıqlı olacaq başqa ipuclarını verək: milli komanda, klub və tarixdə iz qoymuş futbolçu – bu 3 aspektdə “böyük beşlik” ölkələrini – İspaniya, Fransa, İtaliya, Almaniya və İngiltərəni müqayisə edin. Nə qədər paradoksal olsa da, maraqlı məntiqi yekun əldə edəcəksiniz. Məncə, Avropanın digər qismini çözə bilməyən futbol təşkilatlarımız son qərarı vermək üçün bu barədə düşünsələr yetər (“İdman”).

Həmin kateqoriyadan