Heydər Əliyevdən qalan ənənə rəsmən bərpa edildi

Azərbaycan kanoe və avarçəkmə federasiyası Bakı bulvarı ərazisində növbəti layihəni gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, açılışda Fərid Qayıbov dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb. O, həmçinin federasiyanın 2022-ci ildəki fəaliyyətindən söhbət açıb. Xüsusən işğaldan azad edilən Suqovuşanda keçirilən “Prezident kuboku” və “Mingəçevir reqatası”nı yüksək qiymətləndirib.

Sonra dəniz avarçəkməsi üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Diana Dımçenko, müxtəlif beynəlxalq turnirlərin qalibi Ziya Məmmədzadə, eyni zamanda yığma komandanın digər üzvlərinin dəniz avarçəkməsi, akademik avarçəkmə, kayak və kanoe, həmçinin turistlər üçün nəzərdə tutulan qayıqlarda nümunəvi çıxışları baş tutub. İdmançıların çıxışları paytaxt sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb.

Avarçəkməni Bakıda, Xəzər dənizində bərpa etməyin əsas səbəblərindən biri də bu idman növünü paytaxtda yaşayan yeniyetmə və gənclər üçün əlçatan etmək, kütləviliyin təmininə nail olmaq, inkişaf etdirməkdir.

Ölkəmizdə avarçəkmə ilə peşəkar olaraq 1930-cu ilin sonundan Xəzər dənizində məşğul olunmağa başlanılıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti zamanında bu idman növü özünün çiçəklənmə dövrünü yaşayıb. Həmin dövrdə ölkəmizdə 11 peşəkar avarçəkmə klubu fəaliyyət göstərib.

AKAF bu ənənəni yenidən bərpa edib. Federasiya Bakıda – Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb. Bununla əlaqədar Bakı bulvarı ərazisində avarçəkənlərin nümunəvi çıxışları və tədbir təşkil olunub.

Həmin kateqoriyadan