Uşaq paralimpiya oyunları

Milli paralimpiya komitəsinin təşkilatçılığı, gənclər və idman nazirliyinin dəstəyi və “Azercell Telecom” MMC-nin tərəfdaşlığı ilə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmətlər agentliyinin Sumqayıt paralimpiya idman kompleksində növbəti uşaq paralimpiya oyunları keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, milli paralimpiya komitəsinin prezidenti Hidayət Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan deflimpiya komitəsinin prezidenti Anar Bayramov, idman akademiyasının rektoru Fuad Hacıyev, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə Azərbaycanda formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə böyük inkişaf yolu keçdiyini vurğulayıblar. Prezident cənab İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın əldə etdiyi tarixi qələbələrdən bəhs olunub.

Uşaq paralimpiyaçılarımızın da həmin idman nailiyyətlərini uğurla davam etdirmək əzmində olduğu qeyd edilib. Keçirilən uşaq paralimpiya oyunlarının ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb. 

Daha sonra DOST inklüziv inkişaf və yaradıcılıq mərkəzinin yaradıcı heyəti tərəfindən musiqi nömrələri təqdim edilib.

Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib. Onlar 8 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar. Bu dəfəki uşaq paralimpiya oyunları əvvəlki oyunlara nisbətən daha çox olmaqla 8 idman növündə keçirilib.

Sonda qaliblərin mükafatlandırma mərasimi olub. Həmçinin oyunlarda iştirak edən digər paralimpiyaçı uşaqlara sertifikat və hədiyyələr təqdim edilib.

Həmin kateqoriyadan