Vilnüs zəfəri təkrarlanacaqmı, yoxsa kiçik qələbə böyük kimi şişirdiləcək?

Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatında sərbəst güləşçilər mayın 4-6-da mübarizəyə qoşulacaqlar. Allsport.az saytı xəbər verir ki, millimiz qonşu ölkəyə güclü heyətlə yollanır. Əslində buna heç qonşu ölkədə demək olmaz. Dağıstanda  Azərbaycanın tarixi torpaqları var, mədəniyyətlərimiz və din illərlə qaynayıb-qarışıb. Saat qurşağı və iqlimdə də fərq yoxdur. Komanda əməli olaraq bu Avropa çempionatında öz yerində çıxış edəcək. Üstəlik, baş məşqçi Firdovsu Umudov heyətə qonşu respublikadan olan 5 legionçu (10 heyət üzvündən yarısı) – Murtazali Müslimov (70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovu (125 kq) daxil edib.

Azərbaycan yığmasının qitə çempionatlarında ən böyük uğuru 2009-cu ildə Litva paytaxtı Vilnüsda olub. Məhəmmədxan Aratsilov baş məşqçilik etdiyi komanda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdı. İndi Firdovsu Umudov həmin zəfəri ən azı, təkrarlamalıdır. Üstəlik, həmin dövrdə millimiz 7 mümkün çəkidən 6-sında fərqlənmişdi. Bu dəfə qaydaların dəyişməsi səbəbindən, yerli baş məşqçiyə daha yaxşı imkan düşüb. O, Dağıstana 10 nəfərlə yollanır. Heyətdə olimpiya və 3-qat dünya çempionu və olimpiya mükafatçıları var. Başqa halda, qazanılacaq 2 və ya 3 qızıl medal ictimaiyyətə böyük zəfər kimi sırınmamalı, şişirdilməməlidir. Çünki komanda Vilnusda, 1 il sonra Bakıda (3 qızıl, 1 gümüş və 1 bürünc) bundan artığını edib.

Həmin kateqoriyadan