Yelkənli idman federasiyası təlimə əcnəbi mütəxəssis dəvət edib

Yelkənli idman federasiyası milli komandanın hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə mayın 31-dən iyunun 3-dək təlim düşərgəsi təşkil edib. Allsport.az saytı xəbər verir ki, çalışmanın  yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli mütəxəssis Draqan Qasic cəlb edilib. 30 il məşqçi kimi fəaliyyət göstərən qonaq 6-qat dünya və 4-qat Avropa çempionudur.

O, təlimdən və idmançılarımızın hazırlığından razı qaldığını bildirib. 4 gün davam edən toplanış 10 saatlıq nəzəri və dənizdə 20 saatlıq praktiki məşq mərhələlərindən ibarət olub. Məşqlərdə 16 idmançı və 4 məşqçi iştirak ediblər.

Qeyd edək ki, 2014-cü ildən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançılar cəlb etməkdir. Federasiya bu məqsədə çatmaq üçün qabaqcıl Avropa şirkətlərinin istehsalı olan yelkənli idman üzrə qayıqların gətirilməsini, eyni zamanda, qısa müddətdə beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət olunmasını təmin edir.

Həmin kateqoriyadan