Yeni mövsümün püşkü atıldı

Bu gün qadın və kişi voleybolçular arasında yüksək liqaların 2025–2026-cı illər mövsümünün püşkatma mərasimi baş tutub.

Allsport.az xəbər verir ki, Azərbaycan voleybol federasiyasının idman zalında təşkil olunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak ediblər.

Yeni mövsümdə qadınların yüksək liqasında 9 komanda – “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan” və “Gənclər” klubları mübarizə aparacaqlar. Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.

Kişilərin çempionatında isə 6 komanda – “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər” çıxış edəcək. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.

Oyunların keçirilmə vaxtı və məkanı barədə məlumat veriləcək.

Həmin kateqoriyadan