- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə gənclər arasında Dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə yığma komandamız Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı qohumları, Azərbaycan Güləş Federasiyasının əməkdaşları və jurnalistlər qarşılayıblar. Pəhləvanlarımız media nümayəndələrinə dünya çempionatındakı çıxışları barədə açıqlama veriblər:
Gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov: “Hər zaman yarışlara böyük ümidlərlə getmişik və həmişə də üzümüz ağ qayıtmışıq. Uzun illər idi ki, yeniyetmələrlə işləyirdim. İlk dəfədir gənclərin Dünya çempionatına məşqçi kimi qatıldım. Gənclərin Dünya çempionatı çox ağır keçir. Yarışda 59 ölkənin idmançıları mübarizə aparırdı. Çempionatdan öncə də medal qazanan idmançılarımızdan uğur gözləyirdik. Allaha şükürlər olsun ki, komandamız uğurlu çıxış etdi”.
Nurməhəmməd Hacıyev (96 kq), qızıl medal: “Dünya çempionatı yüksək səviyyədə keçdi. Hazırlıq prosesi Xaçmazda çox yaxşı təşkil olunmuşdu. Məşqçilərimizin rəhbərliyi ilə keçirdiyimiz yüksək səviyyəli hazırlığın nəticəsində 4 güləşçimiz çempion oldu. Komanda hesabında ikinci yerə layiq görüldük. Dünya çempionatında hər görüş çətin keçir. Buna baxmayaraq, hamıdan üstün olmağı bacardım. Bundan sonra da bu uğuru davam etdirəcəyəm”.
Mahir Əmiraslanov (55 kq), qızıl medal: “Çox yaxşı hazırlaşmışdıq. Məşqlərə baxanda da öncədən bilinirdi ki, heyətimiz güclüdür və yaxşı nəticələr qazanacağıq. Belə də oldu. Dünya çempionatında 4 qızıl, 1 bürünc medal qazandıq. Bütün rəqiblərim güclü olsa da, ən çətin görüşüm rus və finalda İran güləşçisi ilə oldu. Çalışacağam ki, bu uğuru gələcəkdə də təkrarlayım”.
Arif Hüseynov (50 kq), bürünc medal: “Dünya çempionatında 3-cü yerə layiq görüldüm. Bürünc medal uğrunda erməni güləşçini məğlub etdim. Göstərdik ki, onlardan güclüyük. İnanıram ki, uğurlarımızın davamını gətirəcəyik. Bu il çempion ola bilməsəm də, gələn il qızıl medal qazanmağa çalışacağam. Erməni güləşçini məğlub etmək mənim üçün çempion olmaq kimi bir hissdir. Məşqçilərimizə və hazırlığımız üçün hər bir şəraiti yaradan Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, gənclər arasında dünya çempionatında sərbəst güləşçilərimiz 4 qızıl və 1 bürünc medal qazanıblar. Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.