Yeniyetmə və gənc sərbəst güləşçilərimiz Xaçmazda təlim-məşq toplanışında

Yeniyetmə və gənc sərbəst güləşçilərdən ibarət yığma komandalar təqvim planında nəzərdə tutulan qarşıdakı yarışlara hazırlığı Xaçmaz Olimpiya İdman kompleksində davam etdirir. Allsport.az saytı xəbər verir ki, hazırlıqda, ümumilikdə, 50-yə yaxın güləşçi qatılıb.

Yeniyetmələrin təlimlərinə böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyev rəhbərlik edir. Gənclərdən ibarət komanda isə hazırlıqlarını böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin tapşırıqları əsasında aparır.

Milli komandaların qarşıdakı ilk sınağı aprelin 26-29-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnir olacaq.

Daha sonra güləşçilərimizi qitə miqyaslı yarışlar gözləyir. İyunun 21-26-da Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər, iyulun 19-24-də İsveçin paytaxtı Stokholmda isə yeniyetmə güləşçilər Avropa çempionatında mübarizə aparacaq.

Güləşçilərimizin Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı aprelin 26-dək davam edəcək.

Həmin kateqoriyadan