Yeniyetmə yunan-Roma güləşçilərimiz Rustavidən 8 medalla qayıdıb

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda yerlilərlə yanaşı, Azərbaycan, Gürcüstan, İran, Rusiya, Ermənistan, Qazaxstan komandaları mübarizə aparıblar. Yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Qızıl medallara Zaur Əliyev (42 kq) və Fail İsgəndərov (46 kq) sahib çıxıblar. Zaur finalda komanda yoldaşı Azər Muxtarlıdan üstün olsa da, Fail gürcü idmançını xalçadan məğlub yola salıb. 54 kq-da mübarizə aparan Elnur Musayev yığmamıza növbəti gümüş medalı qazandırıb. Həlledici görüşdə Rusiya idmançısına məğlub olub.

Bürünc medalları isə, Araz Şükürzadə (42 kq), Mirsirac Həsənli (46 kq), Həsən Məmmədli (58 kq) və Nəsir Maşanov (76 kq) qazandırıblar.

Komanda hesabında Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıb. İlk sıranı Gürcüstan, üçüncü yeri isə İran pəhləvanları tutub. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Tural Əliyev ölkəmizi təmsil edib.

Həmin kateqoriyadan