Yeniyetmələrimiz Avropa birinciliyində yeni qaydalarla güləşəcək

24-30 iyulda Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda hər 3 güləş növü üzrə komandalarımız iştirak edəcəklər.
Bu sınağıı digərlərindən fərqləndirən ən önəmli məqam, yarış qaydalarında edilən bəzi dəyişikliklər burada test edilməsidir.

Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur. Belə ki, proqrama əsasən ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar isə hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.

Proqrama əsasən, iyulun 24-26-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə Avropa çempionatının medalları uğrunda Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) mübarizə aparacaqlar.

İyulun 26-28-də böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı ilə 8 qız güləşçimiz – Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Elnurə Məmmədova (52 kq), Jalə Əliyeva (56 kq) və Alina Zakoyeva (60 kq) qalib adı uğrunda çıxış edəcəklər.

Nəhayət, son 3 yarış günü, yəni iyulun 28-30-da “klassiklər” ən güclülərini müəyyənləşəcəklər. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev rəhbərlik ilə heyətə Həzrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Rüfət Məmmədov (85 kq) və Sərxan Məmmədov (100 kq) daxil olunublar.

1-ci dərəcəli beynəxalq hakim Qərib Əliyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan