Yeniyetmələrin dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilər Vətənə dönüb

Romada yeniyetmələrin dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş millisi Vətənə qayıdıblar. Allsport.az saytı xəbər verir ki, komanda hesabında 3-cü olan yığmamızı gənclər və idman nazirliyinin və güləş federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların ailə üzvləri qarşılayıblar. AGF-nin icraiyyə komitəsinin üzvü Namiq Abdullayev MOK, GİN və AGF tərəfindən güləşçilərimiz üçün bütün şəraitin yaradıldığını bildirib:

Təlim-məşq toplanışları, qidalanma və vitaminlə təminat yüksək səviyyədə idi. Avropa çempionatında olduğu kimi, dünya çempionatında da güləşçilərimiz sözlərini dedilər. Yunan-Roma güləşində komanda hesabında ikinci, sərbəst güləşdə isə üçüncü yeri tutduq. Federasiya tərəfindən bütün yaş qrupları üzrə milli komandalara hər cür şərait yaradılıb. Güləşçilərimiz də yaradılan bu şərait qarşılığında bizi sevindirirlər. İnanıram ki, gələcəkdə də belə olacaq. Hamınızı təbrik edirəm”.

Böyük məşqçi Əsgərxan Novruzov bütün güləş həvəskarlarını və Azərbaycan xalqını qələbə münasibətilə təbrik edərək deyib: “Təxminən 40 gün əvvəl Avropa çempionatından möhtəşəm qələbə ilə qayıtmışdıq. Altı qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında çempion olmuşduq. Təbii ki, Avropa və dünya çempionatları fərqli yarışlardır. Komandamızın hazırlığı o qədər yaxşı idi ki, dünya çempionatından da daha yaxşı nəticə gözləyirdik. O cümlədən komanda hesabında çempion olacağımıza inanırdıq. Yəqin ki, görüşlərimizi izləmisiniz. Bir çox xallarımız son anlarda əldən getdi. Dünya çempionatı çox ağır keçdi. Daim ön sıralarda olan İranı qabaqlayıb üçüncü yeri tutduq. Məşqçilər və güləşçilər sağ olsunlar. Özlərini doğrultdular. Dünya çempionatında 2 qızıl medal Azərbaycan üçün çox yaxşı nəticədir. Avropada bizdən başqa qızıl medal qazanan ölkə olmadı. Bizim əsas işimiz böyüklərdən ibarət komanda üçün güləşçilər yetişdirməkdir. Bu gün heyətdə yer alan 6 idmançımız gələn ildən gənclərdə yer alacaq. Məqsədimiz bütün yaş qrupları üzrə birgə fəaliyyət göstərib, Azərbaycan güləşini zirvəyə yüksəltməkdir”.

Dünya çempionu İlyas İsayev güclü rəqiblərlə qarşılaşdığını bildirib: “Şükürlər olsun ki, dünya çempionu oldum. Məşqçilərimizə, gənclər və idman nazirliyinə, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Ən çətin görüşüm final qarşılaşması oldu. Son saniyələrdə aldığım xalla dünya çempionatında qızıl medal qazandım”.

Dünya çempionatında qızıl medal qazanan Vasif Bağırov yarışa yaxşı hazırlaşdığını qeyd edib. Vurğulayıb ki, dünya çempionatında rəqiblərimiz güclü idi. Əvvəlcə Qazaxıstan idmançısına tam üstünlüklə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda Hindistan güləşçisini 7:4 hesabı ilə məğlub edərək finala çıxdım. Həlledici görüşdə isə ABŞ güləşçisinə 5:3 hesabı ilə qalib gələrək dünya çempionu oldum. Şükürlər olsun ki, ölkəmizə qızıl medal gətirdim.

Xatırladaq ki, Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.

Həmin kateqoriyadan