Yerli güləş məşqçilərimizə qeyd-şərtsiz yüksək etimad göstərməyin tam zamanı yetişib

Güləşin Azərbaycanda xüsusi yerini elə müstəqilliyin ilk illərindən bu yana olan olimpiya oyunlarını göstərmək olar: hər dəfə uğur sorağı ilk növbədə döşək üzərində rəqiblə üz-üzə dayanacaq bahadırlarımızdan gözləyirlər. Bunun səbəbləri sadə və aydındır: güləş həm də milliliyin, milli ruhun, mənəvi dəyərlərin tərənnümçüsüdür. Hüsn-rəğbətin və məhəbbətin, amma bununla yanaşı, yüksək tələbkarlığın da əsl səbəbi də elə buradan irəli gəlir. Amma güləşçilərimiz də hər dəfə ümidləri doğruldublar. Müstəqillik illərində bəşəriyyətin ən böyük idman təntənəsi, idman mübarizə meydanı olan olimpiya oyunlarınının hər birindən pəhləvanlarımız Vətənə başıuca dönüblər. Bu mənada, bahadırların Rio oyunlarına çıxışı da xüsusi qeyd olunmalıdır. Zarafat deyil, qazanılan 18 olimpiya medalının tən yarısı onların payına düşdü. Üstəlik, hər üç növdə – həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşində pəhləvanlarımızın öz sözünü deməsi, sabaha inamla baxmağa əsasdır.

2-7 mayda Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı keçiriləcək. Bu yarışda hər 3 növ üzrə milli komandalarımız iştirak edəcək. Ehtimala görə, AGF əsas gücü həmin ayın 12-22-də Bakıda təşkil olunacaq 4-cü İslam həmrəyliyi oyunlarına qoyduğundan, Balkanlara əsasən «2-ci nömrələr» yollanacaqlar. Qitənin ən güclüləri yarışı, ən vacibi – İslamiada yerli məşqçilər heyəti üçün tale sınağıdır. Ötən ilin payızından, Rio-2016-dan sonra sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın başına keçən öz mütəxəssilərimiz etimadı doğrultmaqda davam edirlər. Firdovsi Umudovun rəhbərlik etdiyi «sərbəstlər»imiz keçən ilin noyabrında ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən «Qızıl qran-pri»də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazandılar. Yay olimpiya oyunlarından sonra belə nəticə çox yüksək sayılır. Çünki, adətən, olimpiadalardan sonra öncül, qalib idmançılar istirahətə çəkilir, onlar bir də növbəti, yeni mövsümdə təlim-məşqləri bərpa edirlər.
Olimpiya siklində bütün diqqət «dördilliy»ə yönəldiyindən, oyunlardan sonra dünya çempionatlarına maraq az olur. Elə növlər var ki, həmin mövsümdə bu yarış ümumən keçirilmir. Dünya Güləş Birliyi qeyri-olimpiya çəkilərində mübarizə aparan bahadırların könlünü qırmamaq üçün, olimpiadadan sonra ənənəni bərpa etdi. Planetin ən güclülürənin rəqabətində Əhmədnəbi Qvarzatilov (61 kq) 3-cü yerə çıxdı, Gitinoməhəmməd Hacıyev (70 kq) medalsız qaldı.

Cari ildə Firdovsi Umudovun ilk ciddi imtahanı Arazın o tayında təşkil olunan dünya kuboku idi. Titullu mütəxəssis riskə gedərək, Kirmanşah şəhərində ehtiyatda olan Georgi Edişeraşvili (57 kq), David Suynuçxanov (70 kq) və Nurməhəmməd Hacıyevə (97 kq); yerli gənc güləşçilərdən Mahir Əmiraslanov (57 kq), Əli Rəhimzadə (61 kq), Məhəmməd Müslümov (65 kq) və Murad Süleymanova (74 kq) da özünü göstərmək imkanı verdi. «Təzə qan»la təcrübəlilər – Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Aslanbəy Alborov (97 kq) və Cəmaləddin Məhəmmədovun (125 kq) vəhdəti, qurulan taktika bəhrəsini verdi: millimiz «A» yarımqrupunda Rusiyanı 4:4 (29-32), Gürcüstanı 5:3 məğlub etdi. ABŞ komandası ilə də görüş heç-heçə bitdi – 4:4, rəqib yalnız görüşlərin xal hesabında üstün oldu. Bürünc medallar uğrunda mübarizədə sərbəst güləşçilərimiz türkiyəli həmkarlarına aman vermədilər (7:1). İranda nəticə daha yüksək ola bilərdi, əgər fars rejimi bizə qarşı psixoloji təzyiqi göstərməsəydi. Yəqin, oxucularımız həmin hadisəni yaxşı xatırlayırlar; Allsport.az bu qalmaqala geniş yer vermişdi:

Yığmamız Rusiya pəhləvanlarına qarşı ilk görüşdə salamlamaya çıxarkən, təşkilatçıları təmsil edən bələdçi Azərbaycan adına qəribə bayraqla görünüb –  ölçü və rəngdə tələblərə cavab verilməyib, aypara və 8 guşəli ulduz ortada deyil, qıraqda yerləşdirilib. Molla rejiminin təxribatını dərhal hiss edən Firdovsi Umudov məsələyə dərhal öz etirazını bildirmişdi. Bundan sonra farslar çatışmamazlığı yoluna qoyacaqlarına dair söz versələr də, bizimkilər buna arxayın olmayaraq mehmanxanadan öz bayrağımızı gətirilməsini istəyiblər. Komandamızın yarış zalını tərk etmək imkanı olmadığından, onlar mehmanxanada öz otaqlarının açarını təşkilatçılara təqdim ediblər. Artıq Gürcüstan yığması ilə 2-ci görüşdə sərbəst güləşçilərimizin yanında əsl Azərbaycan bayrağı olub.
Fevral uğurunun davamı martda da gətirilib. İstanbulda Yaşar Doğunun xatirəsinə keçirilən ənənəvi beynəlxalq yarışda millimiz 2 qızıl və 1 bürünc mükafata yiyələnib. Firdovsi Umudova komandada gənc həmkarları da dəstək verir. Burada bir məqam nəzərdən qaçmamalıdır: bu gün müxtəlif yaş qrupu üzrə məşqçilər heyətində yer alan Arif Abdullayev, Nazim Əlicanov, Elman Əsgərov, Rövşən Hacıyev, Əsgərxan Novruzov, Elşad Allahverdiyev, o cümlədən vitse-prezident Namiq Abdullayev, xeyli muddət yığmamıza rəhbərlik etmiş Yaqub Məmmədovla onun köməkçisi Vahid Məmmədovun dönəmində idmançı kimi həmin komanda yer alıb, bu mütəxəssislərdən çox şey öyrəniblər.

Yunan-Roma güləşçilərimiz barəsində də xoş söz söyləməyə dəyər. Akif Əliyevin rəhbərlik etdiyi kollektiv uğur yarışında «sərbəstlər»dən geri qalmır. «Klasskilər»imizin ötən il Bakıda keçirilən «Qızı qran-pri»nin final mərhələsində əyar qazancı həmkarlarından yüksəkdir: 4 qızıl, 1 gümüş və 2 bürünc medal! Bu komandamız da keçən mövsümü major notlarla bitirib. Millimizin öncüllərindən olan Həsən Əliyev (71 kq) Riqada təşkil olunan qitə çempionatında nəticəsini Dunay sahili şəhərdə təkrarladı. Bu onun 6 ildən sonra planetin ən güclülərinin yarışında qazandığı 2-ci medal idi. İlk cəhddə, Moskvada o, 60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə çıxmışdı. Sözü gedən titullu pəhləvanımızdan fərqli, Rafiq Hüseynov (80 kq) qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında əliboş qayıdıb.

Bu ilin martın əvvəlində İstanbulda ənənəvi Vəhbi Əmrənin xatirə turnirində qızıl mükafatımız (1 gümüş və 1 bürünc) olmasa da, dünya kubokunu uğurundan sonra bəlli olur ki, Akif Əliyev əsas gücü həmin sınağa saxlayıb. İranın Abadan şəhərinə rəqiblərin hamısı iddialı, olimpiadadan sonrakı durğunluğa rəğmən, əsas heyətlə gəlmişdilər. Biz də fəndgirlikdə geri qalmadıq. «B» yarımqrupunda yer alan yunan-Roma güləşçilərimiz Türkiyə, Belarus və Ukrayna yığmalarını eyni, 5:3 hesabları ilə məyus etdi. Qələbələr komandamızı birbaşa finala çıxardı. Həlledici görüşdə rəqib güclü Rusiya idi. Daim bizdən ehtiyatlanan şimallıları yenilgidən hakim dəstəyi qurtardı. Hesab 2:3 olarkən, referilər İslam Abbasova qarşı açıq-aşkar qərəz göstərdilər. Halbuki qələbədə durum tarazlaşacaqdı. Ağır çəkililərin mücadiləsindən artıq Azərbaycandan çəkinən ruslar riskə getmədilər. Düzdür, 98 kq-da Orxan Nuriyev erməni əsilli güləşçiyə qalib gəlməklə gərginliyi saxlasa da, həlledici tutaşmada hakimlər bu dəfə Sabah Şəriətinin əleyhinə oldular.
Yunan-Roma güləşində də yerli mütəxəssisləri görmək, onların uğurunu izləmək idman ictimaiyyətində xoş ovqat yaradır. Hazırda Akif Əliyevin yanında gənc məşqçilərimiz İlqar Abdulovla, Nurəddin Rəcəbov yer alıblar. Onlar və digərləri – Fuad Alıyev, Vüqar Aslanov, Səməd Çopsiyev, Hüsaməddin Rəcəbov, Turac Hüseynli, Vtali Rəhimov, o cümlədən xeyli müddət AGF-də vitse-prezidenti çalışan, ötən ildən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilən Fərid Mansurovun püxtələşməsində, ölkənin ən titullu məşqçisi Elçin Cəfərovun böyük zəhməti var.

Fevralda sərbəst güləşçilərin dünya kuboku uğuru ilə bağlı GİN-də keçirilən mətbuat konfransında olimpiya çempionu özü də buna eyham vurub. Fərid Mansurovun çıxışında bu məqamı diqqitə çatdırıram: «Dünya kubokunun nəticəsi ona işarə etdi ki, artıq yerli məşqçilərə etimad göstərmək lazımdır. Onlar güləşçilərimizi əcnəbi mütəxəssislərdən yaxşı tanıyırlar, psixologiyalarına bələddirlər. Bizim məşqçilərdə idmançılarımıza qarşı, sanki ata qayğısı var, onların hər problemlərini görür və bilirlər, məsələyə vaxtında müdaxi etmək imkanları var. İslam həmrəyliyi oyunlarında uğurun davamının gələcəyinə inanıram».
Qadın güləşində mütəxəssis Aslan Ağayev də tam güvənmək olar. Onun yaxşı məşqçilik təcrübəsi var. Zamanında sərbəst güləş millimizin başında dayanıb, olimpiya çempionu Namiq Abdullayevin karyerasını davam etdirərək yeni uğurlar qazanmasında payı var. İndi bu növdə yığmanın kapitanı olan, ölkəmizə müxyəlif əyarlı xeyli medal qazandırmış Cəbrayıl Həsənov onun tələbəsidir.
Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların növbəti imtahan məqamı mayda keçiriləcək Avropa çempionatında qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, İslam oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası zirvələr də. Əsas odur ki, özümüzkülərə dəyər verək. Çünki bizə qalan, burada qalan elə onlar olacaq.

Kamran HACI

Həmin kateqoriyadan