Yunan-Roma güləş millimiz də Avropa çempionu oldu!

Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz tarixi uğuru ilə yadda qalıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə 10 bahadırla təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb.

Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar. Onlar müvafiq olaraq 25, 20 və 15 xal qazandırıblar. 5-ci yeri tutan Murat Lokyayevlə (97 kq) Beka Kandelaki (130 kq) isə 10 xalı millimizin xal ehtiyatına əlavə edib.

Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub! Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekordun qeydə alındığını da nəzərinizə çatdıraq.

Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş millimiz komanda hesabında Avropa çempionu olub.

Həmin kateqoriyadan