- Baxış sayı: 53
- 19 Noyabr 2024 18:36
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dekabrın 29-da Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Tokioda yaponiyalı Makoto Uehara ilə “Blade FC Japan Cup 2014” turnirində üz-üzə gəlib. Allsport.az xəbər verir ki, Uehara qara kəmər sahibi, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısıdır.
O, Yaponiyada bir çox yarışlarda qalib gəlib. Xüsusilə Uehara K-1 yarışlarında Las Veqas çempionu Stefan Leko və Koreya Respublikasının taekvondo üzrə yığmasının üzvü Yanq Su Park üzərində qələbə çalıb.
Qeyd edək ki, sonuncu döyüşünü oktyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirən “Mauqli” ləqəbli Zabit Səmədov iranlı Cəfər Əhmədini xal hesabı ilə məğlub edib. Otuz yaşlı idmançımız ən parlaq döyüşlərindən birini 2013-cü ilin mayında “Leqenda” turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hariyə qarşı keçirib və inamlı qələbə qazanıb.
Yapon idmançı ilə döyüş Səmədovun tam üstünlüyü ilə keçsə də, ilk 3 raunddan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub. Bununla da Azərbaycan idmançısı 2014-cü ili zəfərlə başa vurub.
Görüşdən sonra AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibə verən Zabit Səmədov deyib: “Qələbəyə görə sevinirəm. Bu yalnız mənim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. Qarşıda bizi gələn il birinci Avropa Oyunları gözləyir. Çox sevinirəm ki, bu yarışlar ilk dəfə Azərbaycanda keçiriləcək. Əminəm ki, bizim vətənimizdə təşkil ediləcək bu Oyunlar idmançılarımız üçün uğurlu olacaq. Biz Azərbaycanın idman gücünü bütün dünyaya göstərəcəyik”.