“Zaqreb arena” – AGF lazım bilmədi, Allsport.az layiq gördü!

Bu gün Xorvatiyanın paytaxtında güləş üzrə dünya çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, “Zaqreb arena”da ilk gündə mübarizəyə 4 “sərbəst”imiz çıxdı və onlardan 1-i yarımfinala adladı.

Planetin ən güclülərinin rəqabətinə maraq yetərincədir. İran hər zamankı kimi bu yarışa azarkeş heyəti ilə gəlib. Onların sayı 50 civarındadır, aralarında güney azərbaycanlıları da var. 70 kq-da 1/4 finalda Kənan Heybətovun ermənistanlı Ərman Andresyan ilə tutaşmasında soydaşlarımız idmançımıza dəstək verdilər. Hələ ki tribunda bizdən kimsə görünmür.

Bu arada, bəzi tamaşaçılar öz ölkə bayraqlarını tribunada yerləşdirərək, onun Dünya Güləş Birliyinin foto obyektivlərinə tuş gəlməsini gözləyirlər. İlk qaranquşlar – Almaniya, Özbəkistan və İran oldular. Azərbaycan güləş federasiyasından, eləcə də Zaqrebdə aidiyyatı qurumlardan səs çıxmayanca, saytımızın əməkdaşı adəti üzrə özü ilə gətirdiyi bayraqlardan birini tribunanın mərkəz hissəsində yerləşdirdi. Allsport.az portalı yarandığı gündən fəaliyyət istiqamətini və idman siyasətini – millilik, dövlətçilik və turançılıq üzərində qurub.

Nəzərinizə çatdıraq ki, AGF Xorvatiyaya böyük nümayəndə heyəti ilə yollanıb və bir neçə KİV əməkdaşını ezam edib. Güləş federasiyasının aidiyyatı qurumları dünya çempionatı barədə nə dərəcədə məlumatlandırdığı barədə bilgimiz yoxdur.

“Zaqreb arena”da bir gülərüzlü güney azərbaycanlının bəndənizin Arazın bu tayından olduğunu duyunca, söylədiyi ilk kəlmədə olduğu kimi – “Yaşasın Azərbaycan!”

Kamran HACI, Zaqreb

Həmin kateqoriyadan