Zaqrebdə uğur qazanmış güləşçilərlə görüş

Azərbaycan idman akademiyasında (AİA) Xorvatiyada keçirilən güləş üzrə reytinq turnirində yüksək nəticə göstərmiş tələbələrlə görüş keçirilib.

Allsport.az xəbər verir ki, görüşdə təhsil müəssəsinin rektoru Fuad Hacıyev və rəhbər şəxsləri iştirak ediblər.

Fuad Hacıyev idmançıları qazandıqları uğur münasibəti ilə təbrik edərək onların bu nailiyyətlərinin digər tələbələr üçün nümunə olduğunu qeyd edib. Akademiya rəhbəri güləşin tarixi, ölkəmizdə idmana göstərilən dövlət qayğısı və Azərbaycanın güləş ənənələri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, Azərbaycan idman sahəsində əldə etdiyi uğurlarla dünya miqyasında nüfuz qazanıb və bu uğurların davamlı olması üçün akademiya gənc idmançıların hazırlanmasında özünəməxsus rol oynayır.

Daha sonra Zaqreb şəhərində keçirilən turnirdə yüksək nəticə göstərmiş güləşçilər – Elmir Əliyev, Ruslan Nurullayev və Murad Əhmədiyev çıxış edərək yarış təəssüratlarını bölüşüb, əldə etdikləri nailiyyətlər və qarşıya qoyduqları hədəflərdən danışıblar. Tələbələr akademiyanın peşəkar tədris və məşq şəraitinin uğurlarında böyük rol oynadığını vurğulayaraq rəhbərliyə və müəllim heyətinə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda turnirdə fərqlənmiş tələbələrə rəhbərlik tərəfindən təşəkkürnamələr təqdim edilib.

Həmin kateqoriyadan