Zuğulbada sərbəst güləş üzrə açıq məşq

Sentyabrın 14-də “Təhsil” respublika idman mərkəzinin Zuğulba tədris idman bazasında sərbəst güləş üzrə açıq məşq təşkil olunub. Allsport.az saytı xəbər verir ki, tədbirdə uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri, yeniyetmə və gənc güləşçilərdən ibarət idmançılar iştirak edib. İdmançıların yarışlara hazırılığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib.

Tədbirdə iştirak edən AGF-in baş katibi Nəsimi Musayev, icraiyyə komitəsinin üzvü Namiq Abdullayev, MOK-un “Ədalətli oyunlar” komissiyasının sədri dünya Xəzər İsayev, qadın güləşi üzrə millinin böyük məşqçisi Toğrul Əsgərov, 2-qat olimpiya mükafatçısı, 4-qat Avropa və 3-qat dünya çempionu Hacı Əliyev gənc idmançılara dəyərli məsləhətlər verib.

Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin və güləşin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili və güləşin inkişaf etdirilməsindən ibarət olub.

Tədbirin sonunda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Həmin kateqoriyadan