Əliyar Ağayev Avroliqa matçında şou göstərdi

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununu idarə edib. Allsport.az xəbər verir ki, o, ötən gecə Ukraynanın “Vorskla” klubunun Slovakiya “Jilina”sı ilə ev oyununda ədaləti qoruyub.

Bu komandaların bir həftə öncəki ev oyununda “Jilina” doğma meydanda 2:0 hesablı qələbəyə sevinmişdi. Cavab qarşılaşmasında isə Ukrayna təmsilçisi 3:1 hesabıyla qalib gəlib. Səfərdə vurduğu bir qol Slovakiya təmsilçisini Avroliqanın pley-off mərhələsinə çıxarıb.

Ağayevin bu qarşılaşmadakı işi kifayət qədər çox olub. Belə ki, o, 10 sarı, 1 qırmızı vərəqəyə əl atmalı olub. Meydan sahibi komandanın üzvlərinə 6 sarı vərəqə göstərən FİFA referimiz qonaqları dörd üzvünə xəbərdarlıq edib. Lakin onlardan biri iki dəfə oxşar aqibətlə üzləşdiyindən əlavə vaxtda, 99-cu dəqiqədə meydandan qovulub. Bu epizod zamanı Əliyar qonaq komandanın qapısına penalti də təyin edib ki, “Vorskla” həmin şansdan dəqiq yararlanaraq, hesabı 3:0-a çatdırıb. Amma 120+1-ci dəqiqədə qonaqların vurduğu gözlənilməz qol Ukrayna klubunu şoka salıb.

Qeyd edək ki, Əliyara bu oyunda Zeynal Zeynalovla Rza Məmmədov yardım edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.

Həmin kateqoriyadan