Əmrah Çəlikəl: “Yanq Boyz” güclü komandadır”

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində İsveçrənin “Yanq Boyz” kollektivi ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəlin püşkə münasibəti belə olub:

“Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumatlı deyiləm. Amma bu mərhələdə mübarizə aparırsa, deməli, “Yanq Boyz” da güclü komandadır. Biz də zəif komanda deyilik və bu matçlara çox ciddi hazırlaşacağıq ki, Avroliqanın qrup mərhələsinə yenidən düşək. Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə baş tutması çox yaxşı oldu. Çünki Bakıdakı cavab oyununda hər şeyə aydınlıq gələcək. Üstəlik, bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılması imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq”.

Qeyd edək ki, “Qarabağ” ilk oyununu Bernin 32 minlik “Stad de Suiss” stadionunda keçirəcək. Bu matç avqustun 20-də olacaq. Bundan bir həftə sonra isə Bakıda cavab matçı olacaq.

Həmin kateqoriyadan