- Baxış sayı: 37
- 05 Aprel 2026 11:40
- Baxış sayı: 128
- Aprel 03, 2026
- 0

Bakıda ənənəvi “Böyük ipək yolu” beynəlxalq turniri davam edir.
Allsport.az xəbər verir ki, yarışın dördüncü günündə kişi boksçular arasında 1/4, qadınlarda 1/2 final mərhələsi başa çatıb.
50 kq-da Sübhan Məmmədov Şipsi Laçlanla (Avstraliya) üz-üzə gəlib. Dünya çempionumuz hər 3 raundu xeyrinə bitirib və 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda Qoqa Topuriya (Gürcüstan) ilə döyüşəcək.
Bu çəkidə Bilalhəbaşi Nəzərov də mərhələ adlayıb. O, komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanıb. Nəzərov finala gedən yolda Sahil Allahverdovi (Gürcüstan) ilə qarşılaşacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) Ümid Rüstəmov 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Altınbəy Nursultanla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Məhəmmədəli Qasımzadə Tolqa Qayanı (Türkiyə) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27). O, finala uğrunda Mouates Beçeqra (Əlcəzair) 4:1 (30:27, 29:28, 30:27, 27:30, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Tayfur Əliyevlə gücünü yoxlayacaq.
Sərxan Əliyevin (70 kq) rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmayıb. Təmsilçimiz yarımfinalda Rafiq Qartalla (Türkiyə) qarşılaşacaq.
Beləliklə, kişilər arasında sabah keçiriləcək yarımfinal mərhələsində 19 boksçumuz rinqə çıxacaq. Onlar bu mərhələyə yüksəlməklə özləri üçün azı 3-cü yeri təmin ediblər.
Qadınlardan ibarət millimizin heyətində isə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq. Qadın boksçuların final döyüşləri sabah olacaq.