23 ildə 30-cu dəfə

“Qəbələ”nin Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” 15 matçdan sonra meydanı xalsız tərk edib.

Topaz Premyer Liqasının 4-cü turunun “İnter”lə qarşılaşmasına 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri sonuncu dəfə ötən mövsüm, fevralın 15-də məğlub olmuşdu. Həmin vaxt öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə yenilən qəbələlilər 209 gündən sonra xalsız qalıb. Bu müddətdə “Qəbələ” 12 qələbə qazanıb, 3 heç-heçə etmişdi.

Klub tarixinin rekordunu təkrarlaya bilməyən əyalət klubu 2011-ci ildə imza atdığı 16 oyunluq seriyanın 1 addımlığında uduzub. Ümumiyyətlə isə ölkə çempionatlarının 23 illik tarixində 30-cu dəfə bir komanda 15 və daha çox matçda uduzmayıb. 2-ci dəfə buna nail olan “Qəbələ”dən başqa, “Neftçi” 6, “Xəzər Lənkəran” 4, “Şəmkir”lə “İnter” hərəyə 3, “Bakı”, “Karvan”, “Kəpəz”, “Qarabağ” və “Turan” 2, AzAL-la “Xəzri” 1 dəfə 15 və ya daha çox matçdan ibarət seriyaya imza atıb.

Həmin kateqoriyadan