Namiq Əliyev: “7 güləşçimizin hər birindən olimpiadada yüksək nəticə gözləyirəm”

İyulun 23-də Tokioda növbəti yay olimpiya oyunları başlayacaq. Allsport.az saytı xəbər verir ki, hər “dördillik”də olduğu kimi, bu sınaqda da güləşçilərimizə ümid böyükdür. Azərbaycan güləş federasiyasının prezident əvəzi Namiq Əliyev Yaponiya səfəri qarşısı durumu dəyərləndirib:

“Samokovda tarixi uğura nail olduq. Yeniyetmə yunan-Roma güləşi üzrə millimiz ilk dəfə komanda hesabında Avropa çempionu oldu. Bir neçə sərbəst güləşçimiz də finaladək irəlilədi. Onlardan biri zədəyə görə finalda güləşə bilmədi. Digər 2 güləşçimiz isə Rusiya təmsilçilərinə məğlub olaraq, gümüş medal qazandı. Gördüyünüz kimi, hamısı yerli güləşçilərdir, öz yetirmələrimizdir. Bu, onu göstərir ki, Azərbaycan güləşinin gələcəyi var. Hesab edirəm ki, bu uşaqların bir qismi növbəti Olimpiadada ölkəmizi təmsil edəcək.

Tokio olimpiya oyunlarına lisenziya qazanan güləşçilərimiz arasında dünya və olimpiya çempionları var. Olimpiyaçılarımızın hər birindən medal gözləyirəm. Düzdür, medalların əyarı ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Ancaq 7 güləşçimizin hər birindən olimpiadada yüksək nəticə gözləyirəm.

Hal-hazırda olimpiyaçılarımız Göygöldə təlim-məşq toplanışı keçir. Onlar iyulda Bakıda tanınmış və titullu əcnəbi güləşçilərin iştirakıyla son hazırlıq prosesini keçəcəklər. Ondan sonra Olimpiadaya yola düşəcəyik”.

Həmin kateqoriyadan