Vaqif Əliyev: 20 minlik idman sarayında finalı idarə etmək çoxdankı arzumuz idi

Bu günlərdə ölkə həndbolunda əlamətdar hadisə baş verdi. EHF ilk dəfə olaraq final oyununu azərbaycanlı hakimlərə – Vaqif Əliyev və Ələkbər Ağakişiyevə tapşırdı. Həmyerlilərimiz mayın 13-ündə qadınların Cağırış kubokunda Polşada “MKS Perla” (Lüblin) – “Rokasa Qran” (Kanariya) arasında cavab görüşünü idarə edəcəklər. Allsport.az saytı bu xoş münasibətlə adı ilk çəkilən referi ilə görüşüb.

– Vaqif müəllim, sizi bu təyinatla təbrik edirəm. Final matçını idarə etmək çox şərəfli və məsulliyyətlidir. Bu barədə nə deyə bilərsiniz?
–  Təbrikə görə təşəkkür edirəm. Bəli, sizinlə razıyam. Doğrudan da final oyununu idarə etmək çox məsuliyyətli bir işdir. Təssəvvür edin tərkibində 50 ölkə, 300-ə yaxın hakim cütlüyü olan Avropa Həndbol Federasiyasının təsis etdiyi 3 yarışdan biri olan Cağırış kubokunun finalını idarə etməyi bizə həvalə edib. Biz kubok oyunun finalına təyinat alan ilk hakimlərik. Sizcə biz nə hisslər keçirə bilərik? Bu, bizim üçün böyük şərəfdir.

–  Təbii ki, final matçını idarə etmək üçün böyük təcrübə və bacarıq lazımdır. 
– Hələ ki, final matçında hakimlik etməmişəm. Mən və Ələkbər uzun müddət Azərbaycanın həndbol klublarında, milli komandada oynamışıq. 2002-ci ildən AHF hakimləriyik. Bu günə qədər 6 dəfə gənclər arasında Avropa çempionatının final mərhələlərində, 7 dəfə çempionlar liqasının qrup və yarımfinal, tələbələr arasında dünya çempionatının final və Çağırış kuboklarının seçmə və yarımfinal, Avropa və dünya çempionatlarının çoxlu sayda seçmə, beynəlxalq yoldaşlıq görüşləri, 2 dəfə Amerika peşəkər kuboku, Gürcüstan, Rusiya və Azərbaycan çempionatının görüşlərini idarə etmişik. Fikrimcə, bu səviyyəli matçlar bizim təcrübəli olmagımızı deyir. Çətin olmaz.

– Həndbol federasiyasında sizi kimlər təbrik etdi?
– Sözsüz, bizim üçün çox sevindilər və təbrik etdilər. Söhbət bizim federasiyadan düşmüşkən, artıq 1 ildən çoxdur ki, cənab Saleh Məmmədovun rəhbərliyi ilə yeni insanlar fəaliyyət göstərir və ölkədə həndbolun inkişafı üçün çox səmərəli və faydalı işlər görülür. Güclü yerli çempionat keçirildi. Saleh müəllim şəxsən oyunlarda tamaşaçı kimi iştirak edir.
Federasiyanın vitse-prezidenti Orxan Abbasov və baş katibi Yusif Atakişiyev idman sahəsində böyük təcrübələri olan şəxslərdir. Onlar da müntəzəm olaraq klublarlar, hakimlər və məşqçilərlə ünsiyyətdə olur və köməklik göstərirlər. Biz onlardan çox razıyıq.

– Hakimliyə yeni başlayanlara nə demək istərdiz?
– Bilirzsiniz, hələ təməli Çingiz Axundovdan qoyulan, sonradan Ziyafət Qasımov, İsgəndər Əsgərov (yeganə EHF nümayəndəsi) ilə davam etdirilən Azərbaycan həndbol hakimləri həmişə beynəlxalq yarışlarda yüksək qiymətlər alıblar. Mən və Ələkbər həmişə çalışmışıq ki, ilk növbədə oyunu ədalətli idarə edək, tərəfkeşik etməyək. Həmişə deyirəm, hakimlər bir növ öz qərarları ilə tarixdə iz qoyurlar. Bu doğrudan da belədir. Cünki onun qərarından çox şey asılıdır. Hakim soyuqqanlı, cəld düsünən və yenə deyirəm, ədalətli olmalıdır. Qəddar olmaq olmaz. Əgər sənə oyun veriliblərsə, bu o demək deyil ki, istədiyini edə bilərsən. Hər bir qərar qaydalara uyğun olmalıdır.
Onda sizə bir hakim kimi yüksək qiymət veriləcək və həmişə maraglı və güclü oyunlara hakimlik edəcəksiniz.
EHF-nin rəhbərliklərindən tamaşaçı, ekspert kimi çox nümayəndə olur. Oyun birbaşa yayımlanır. AHF –nin bütün oyunlarında reglamentə görə komandalarla bərabər hakim və nüməyəndələrin təmsil etdiyi ölkələrin də bayraqları ucalır. Finalda da belə olacaq. 20 minlik idman sarayında finalı matçını hakimlik etmək bizim çoxdankı arzumuz idi. Məqsədimiz olimpiya oyunlarında da hakimlik etməkdir. Amma çox istərdik ki, ölkəmizi təmsil edən hər hansı bir komanda final matçında oynasın, biz də tamaşaçı kimi onlara azarkeşlik edək. Final matçını İnşAllah, fərəh və qürur hissi ilə idarə edəcəyik.

K.HACI

Həmin kateqoriyadan