- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Qadınlardan ibarət yığma oktyabrın 5-dən İstanbulda bir araya gələcək. Allsport.az saytı xəbər verir ki, ayın 20-dək davam edəcək təlim-məşq Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıqdır. Səfər ərəfəsində baş məşqçi Aslan Ağayev AGF-nin rəsmi saytına açıqlama verib. Mütəxəssis əvvəlcə sentyabrda Minskdə Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdəki çıxışı dəyərləndirib:
“Belarusda əvvəlcə yerli komandayla yanaşı, Latviya, Hindistan və Macarıstanla birlikdə yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Sonra ənənəvi yarışa qatıldıq. Yeddi güləşçimizdən beşi medal qazandı. Nəticə artıq da ola bilərdi. Ancaq bu çıxış da məni qane etdi. Bu, dünya çempionatı ərəfəsində bizə lazım idi. Mariya Stadnik isə buna qədər Polşada baş tutan yarışın qalibi olmuşdu”.
Millinin çalışdırıcısı gənc güləşçilərimizin son durumuna belə aydınlıq gətirib: “Minskdə medal qazana bilməyən Türkan Nəsirova gənclər arasında dünya və Avropa çempionudur. Deməzdim ki, böyüklər arasında özünü göstərə bilmir. Sadəcə, çəkisi 50 kq-dan aşağıdır. Bu da istər-istəməz çıxışına təsir göstərir. Bir qədər əzələ kütləsini artırsa, böyüklər arasında da uğurlar qazanacaq. Onun üzərində çalışırıq. İstanbuldakı toplanışda Türkan da yer alacaq. Gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Tatyana Varantsova da millinin heyətində olacaq. Türkiyədə taktiki-texniki hazırlıq üzərində çalışacaq. İstedadlı gənc güləşçilərimizdən biri də gənclər arasında dünya və Avropa çempionu Leyla Qurbanovadır. Ancaq onun zədəsi var. İlin sonunda bərpa prosesi başa çatacaq və yığmanın tərkibinə qoşulacaq”.
Baş məşqçi Stadnikin dünya çempionatına Ukraynada hazırlaşdığını da söyləyib: “Mariya Kiyevdə Ukrayna yığması ilə birlikdə toplanış keçir. Çünki həmin komandada ona uyğun sparrinq rəqiblər var. Türkiyədə isə onun çəkisində elə də güclü güləşçi yoxdur ki, onunla xalça üzərində məşq etsin”.
Aslan Ağayev yarışda 8 çəkidə təmsil olunacaqlarını da bildirib. Qeyd edək ki, dünya çempionatı oktyabrın 20-dən 28-dək keçiriləcək.