- Baxış sayı: 65
- 14 Dekabr 2025 11:27
- Baxış sayı: 126
- Dekabr 15, 2025
- 0

Azərbaycan cüdosunda daxili gərginlik və iç savaş durmaq bilmir. 2021-ci ilin noyabrın 1-də ACF-ə yeni rəhbərlik gələndən sonra bu idman növündə fəlakətin ardı-arası kəsilmir. Hərci-mərclik, durumun nizamdan çıxması o həddə çatıb ki, məşqşi tələbəsini döyərək öldürür, cüdoçu özündən kiçik həmkarını bıçaqlayıb həyatına son qoyur, milli komandanın üzvləri bir-birinə qəsd etmək səviyyəsinə çatdırılır, biri digərini məhkəməyə verir, rəhbərliyin xoşu gəlməyən şəxs birdəfəlik işdən uzaqlaşdırlır, azərbaycanlı mütəxəssislər urvatsız hala salınır, dünyaca tanınmış hakimlərimiz təqib olunur, cüdoçular ömürlük bu sahədən kənarlaşdırılır, federasiya ailə təsərrüfatına çevrilir, insanlardan üzr istənilməklə alçaldılmağa sövq edilir və daha nələr-nələr. Hamısını yazsam, buna nə gün yetər, nə həftə. Halbuki öncələr heç vaxt belə hallara rast gəlinməyib, həlledici məqamda çıxış yolu tapılıb, kişi kimi əl sıxılaraq məsələ yoluna qoyulub.
Gənclər yığmasının 90 kq-da aparıcı üzvləri – Aslan Kotsoyev (fotoda solda) və Tuncay Şamil (şəkildə qızıl medalçı) arasında gərginlik ümumi vəziyyəti daha dərinləşdirərək idmanda qara ləkə qoyub. Elə bir ləkə ki, torpaqla da getməz. Kiçik mübahisə böyüdülərək fil olub və sonda bir istedadlı cüdoçunun karyerası məhv edilib. Hadisə ilə bağlı geniş danışılıb, mən təkrarlamayacağam. Sadəcə, özbaşınalığı, arxayınçılığı, qəddarlığı, qərəzi və əks-azərbaycançılığı isbat edəcəyəm. Xırda zəmində baş verən qarşılıqlı tutaşma növbəti günlərdə gəlmənin yerlinin üzərinə yeriməsi ilə nəticələnib. Aydın məsələdir, osetinli idmançı doğma qardaşı Zəlim Kotsoyevə, olimpiya çempionu isə federasiya rəhbərliyinə güvənib. Əslində, bu kiçik anlaşılmamazlığı millinin məşqçilər heyəti, onlar bacarmadıqları halda, ACF rəhbərliyi kənara çıxmadan öz aralarında həll edə bilərdilər.
Necə ki, elə həmin yaş qrupunda Eldar Əliyev ilə Fərid Qarayev ciddi qalmaqaldan sonra hər ikisi 3-aylıq yığmadan uzaqlaşdırılmış və cəza müddətləri bitməklə geri qaytarılmışdılar. Amma bu məsələdə Aslanın da Tuncaya hücum etməsinə, söyməsinə, hədələməsinə rəğmən, ona bir cəza kəsilməyərək qarşı tərəfin ömürlük cüdodan uzaqlaşdırılması hansı məntiqə, ədalətə və idman qanunlarına sığır? Axı münaqişə yarışda mübarizə meydanında canlı yayım gedə-gedə deyil, kənarda baş verib. Bunu “ailə”nin içinə dürdüşdürülməsi kənar qüvvənin marağına xidmətdən başqa anlama gəlmir. Hələ bu azmış kimi, hansısa gəlmə utanmaz-utanmaz azərbaycanlı balasını öz ölkəsində məhkəməyə verir. Sonuc? Ədalət! Hakimlər hər 2 halda şikayəti təmin etməyiblər.
Məncə, burada Tuncayın böyük qəbahətinin yerli, yəni azərbaycanlı (türk) olmasındadır. Osetin, dağıstanlı, rus, bolqar, nənəsi və ya babası erməni olsaydı, ona güldən ağır söz deyilməz, bütün qapılar həmişə üzünə açıq olardı. Demək, öncə də vurğuladığım ACF-də “Azərbaycanlı ovu” bir daha təsdiqini tapır. Yayılan məlumata görə, son dönəmdə yüksək fiziki hazırlıqda olan azərbaycanlı cüdoçu bu çəkidə osetin rəqibini həm yarışda, həm məşqlərdə, həm də ikitərəfli görüşlərdə üstələyirdi. Görünür, şəxsi məşqçi və ya kiminsə tələbəsi məsələsi, nüfuz, maraqlar və digər amillər ön sətirə keçib, mane olan tərəf əvvəlcədən qurulan plan əsasında aradan götürülüb. Növbəti yazılarımda faciənin qurbanı olan növbəti məşqçimizdən bəhs edəcəyəm. Cüdoçu kimi titulları çoxdur, bir göstəricidə ilkə imza atıb. Hazırda yığmada çalışır. Çox nüfuzlu olmasına baxmayaraq, onunla indi hesablaşan yoxdur. Həmin gənc mütəxəssisin milliyə gətirib addım-addım yüksəltdiyi, dövlətdə yaxşı məqama yüksəldiyi məşqçi indi heç onu yada salmır. Çünki o özü onlara çalışır…
Kamran HACI