Adil Paşayev: Dünya Hokkey Liqasının 2-ci raundunda məqsədimiz finala çıxmaqdır

Məlum olduğu kimi, 14-22 fevralda Uruqvayın paytaxtı Montevideoda qadın milli komandaların Dünya Hokkey Liqasının 2-ci raundu keçiriləcək. Allsport.az xəbər verir ki, otüstü hokkeyçilərimizin reytinqi kifayət qədər sanballı olduğundan, Azərbaycan seçməsi mübarizəyə orta mərhələdən başlayacaq. «B» qrupunda yer alan qızlarımız ilk yarış günü Trinidad-Tobaqo, Fransa və Keniya komandaları ilə qarşılaşacaq.

«A» qrupunda İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının otüstü hokkeyçiləri yer alıblar. İlkin etap başa çatdıqdan sonra 1/4 final başlayacaq. Fevralın 19-da hər qrupun qalibi digərində 4-cü yeri tutan seçmə komanda ilə görüşəcək. 2-ci pilləni tutanlar isə, digər qrupun 3-cücüsü ilə üz-üzə gələcək. Daha sonra çərək finalın qalibləri fevralın 21-də yarımfinalda qarşılaşacaq.

Final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda bürünc medal qazanan komanda da belə bir şansa sahib ola bilər. Belə ki, martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində baş tutacaq eyni yarışların yekununda, 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik kollektiv növbəti mərhələyə çıxmaq hüququna yiyələnəcək.

Millimiz bu ciddi sınağa hazırlığın son mərhələsindədir. Bakıda təlim-məşq toplanışında olan komandamızda ovqat yüksəkdir. Otüstü hokkeyçilərimizin okeanın o tayına fevralın 10-da yola düşəcək. Baş məşqçi Adil Paşayev saytımıza verdiyi açıqlamada dedi ki, qarşıya qoyulan məqsəd finala çıxmaqdır: «Milli komandamızı dünyada reytinqi yüksəkdir. Amma bu arxayınlaşdırmamalılır. Üzərimizdə daha çox çalışıb, hədəfə çatana qədər mübarizə aparmalıyıq».

Nəzərinizə çatdıraq ki, Dünya Hokkey Liqasının 3-cü raundu iyun-iyul aylarında hərəsində 10 kollektiv olmaqla İspaniya və Belçikada keçiriləcək. Ev sahibələri ilə yanaşı, Valensiya Argentina, Çin, Böyük Brtinaya, Almaniya, ABŞ; Antverpendə Avstriya, Yaponiya, Koreya, Niderland və Yeni Zellandiya artıq rəqiblərini gözləyirlər. Gərgin rəqabətin yekunda bu komandalardan 12-si Rio olimpiadasına vəsiqə qazanacaq. Dünya Hokkey Liqasının  final mərhələsi cari ilin 5-13 dekabrında Argentinanın Rosario şəhərində baş tutacaq.

Həmin kateqoriyadan