Adil Paşayev: “Məqsədimiz qrupda ilk dörd yerdən birini tutmaqdır”

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət millimiz iyunun 20-dən iyulun 4-dək Belçika paytaxtı Antverpendə təşkil olunacaq Dünya Hokkey Liqasının həlledici mərhələsində mübarizə aparacaq. 2 dəfə olimpiya oyunlarının bir addımlığında büdrəyən komandamız, bu mövsüm yenə məhdud vəsiqə uğrunda cəhd edəcək. Atalar üçəcən deyib. Kim bilir, bəlkə qızlarımız möcüzəni gerçəkləşdirəcək və Azərbaycan ilk dəfə olaraq «dördillik»də top komanda idman növündə təsmil olunacaq.

Dünya Hokkey Liqasının həlledici mərhələsində mübarizə aparacaq 20 komanda hərəsində 10 iştirakçı olmaqla, 2 şəhərdə  qüvvələrini sınayacaq. Həmin yarışın hər birindən ilk 3 yeri tutanlar olimpiya oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Maraqlıdır ki, qitə çempionatlarının qalibləri ilk üçlükdə yer alsalar o zaman 4-cü və ya 5-ci yeri tutanlar da olimpiya lisenziyasına sahib ola bilərlər.

Antverpendə təşkil olunacaq Dünya Hokkey Liqasının 3-cü mərhələdə mübarizə aparacaq 10 iştirakçıdan biri, artq başa çatan Asiya çempionatının qalibi Koreya hokkeyçiləridir. Reytinqdə 9-cu yerdə qərarlaşan koreyalıların cari yarışda istənilən yeri tutmasından asılı olmayaraq, Rio-2016-da iştirak etmək üçün vəsiqəni özlərinə təmin ediblər. Həmin onluqda Avstraliya, Belçika, Hindistan, Yaponiya, İtaliya, Niderland, Yeni Zelandiya və Polşa hokkeyçiləri yer alıblar. Digər 10 komanda – Argentina, ÇXR, Kanada, Uruqvay, ABŞ, Almaniya, Böyük Britaniya, CAR  və İspaniya isə iyunun 10-dan 21-dək Valensiyada mübarizə aparacaqlar.

Yarışın hansı sistemlə təşkil ediləcəyi hələlik bəlli deyil. Maraqlı bir faktı da qeyd etmə yerinə düşərdi  ki, Dünya Hokkey Liqasının 2-ci raundunda 6 postsovet ölkəsinin komandası çıxış etsə də, növbəti etapa onlardan yalnız biri – Azərbaycan millisi vəsiqə qazanıb. İnanırıq ki, 2 dəfə (2008-ci ildə Bakıda və 2012-ci ildə Yaponiyada) olimpiya seçmə təsnifat turnirlərinin final oyununda məğlub olan qadın otüstü hokkeyçilərimiz, bu dəfəki şansdan maksimum yararlanmağa çalışacaqlar.

Bu arada Antverpendə təşkil olunacaq yarışın təqvimi də hazırdır. Belçikada “A” qrupuna daxil olan qadın otüstü hokkeyçilərimiz iyunun 20-də Niderland (1), bir gün sonra Yaponiya (10), ayın 24-də İtaliya (16) və nəhayət, qrupda son matçı Koreya (9) çeçmə komandalarına qarşı dairəvi sistemlə mübarizə aparacaqlar.

Avstraliya, Yeni Zellandiya, Belçika, Hindistan və Polşa təmsilçiləri isə “B” qrupunda oynayacaqlar. İlkin mərhələnin yekununda “A” və “B” qruplarında sonuncu yerləri tutanlar 9-10-cu yerlər uğrunda görüşəcəklər. Qrup qalibləri digər qrupun 4-cüsü ilə, qrup ikinciləri isə digər qrupun üçüncüləri ilə 1/4 finalda ü-üzə gələcəklər. Sonra həmin mərhələnin qaliblər yarımfinalda görüşərək, finalçıları aşkarlayacaqlar.

Göründüyü kimi, qrupumuzda rəqiblər çox güclüdürlər. İlk oyunda qarşılaşacağımız Niderland komandası ilə əvvəllər 3 dəfə oynamışıq. Bunların hamısında mililmizi əcnəbi mütəxəssislərin çalışdırıb. Hollandlar hər 3 matçda böyük hesabla qalib gəliblər – 12:1, 10:0 və 8:0.

Millimizin baş məşqçisi Adil Paşayev allsport.az saytına açıqlamasında deyib ki, bu yarışda məqsəd qrupda ilk 4-lüyə düşməkdir. Belədə, otüstü hokkeyçilərimiz mübarizəni davam etdirmək imkanı qazanacaqlar: «Hazırda Bakıda məşqlərimizi davam etdiririk. Komandada vəziyyət normaldır. 2 dəfə olimpiya oyunlarının bir addımlığında dayanmışıq. Yenə cəhd edəcəyik. Əvvəlki dönəmdən fərqli, bu dəfə komandamız əsasən yerli qızlardan qurulub. Heyət yenidən formalaşıb. Bizə orada gərgin oyunlar gözləməyinə rəğmən, sonadək mübarizə aparacağıq».

Həmin kateqoriyadan