AGF prezidenti: Toğrul Əsgərovu dünya çempionatında görəcəyik

Bu gün olimpiya güləş mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın KİV üçün açıq məşqi oldu. Allsport.az saytı xəbər verir ki, hazırlığı izləyən AGF başçısı Namiq Əliyev məşqdən sonra qitə birinciliyində iştirak edəcək idmançıların adlarını açıqladı. O, sonra brifinqdə jurnalistlərin suallarını cavablandırdı:

“Stabil heyətlə Avropa çempionatında təmsil olunacağıq. Ümidvarıq ki, çox uğurlu çıxış edəcəyik. Azərbaycan yığması hər zaman dünya güləşində öz sözünü deyib. Hər zaman olduğu kimi, bu yarışdan da çox yüksək nəticələr gözləyirik. Ancaq Avropa çempionatına həm də sınaq kimi baxırıq. Çünki bu il əsas yarışımız Qazaxıstanın paytaxtı Nur-Sultanda (keçmiş Astana) keçiriləcək dünya çempionatıdır.

Bir neçə idmançımızı qorumaq qərarına gəldik və bu üzdən Avropa çempionatında iştirakına lüzum görmədik. Çünki bizim üçün əsas dünya çempionatıdır. Mundial həm də olimpiadaya lisenziya verən ilk yarış olacaq. Yeri gəlmişkən, gələn il Avropa olimpiya Təsnifat turnirini Bakıda keçirmək üçün danışıqlar aparırıq. Müəyyən nəticələr əldə etmişik. İnşallah, ümid edirəm ki, bu yarışın təşkilatçılığı bizə həvalə olunacaq. Buna baxmayaraq, bizim üçün dünya çempionatı prioritet təşkil edir.

Toğrul Əsgərov güləşdən kənar qalmayıb. Artıq məşqlərə başlayıb. Doğma şəhəri Gəncədə şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında hazırlığa start verib. Çox güman, biz onu dünya çempionatında görəcəyik”.

Həmin kateqoriyadan