Ağırlıqqaldırmada tarixi təyinat

Azərbaycan ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Firdovsi Umudov beynəlxalq ağırlıqqaldırma federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib. Allsport.az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycan ağırlıqqaldırma idmanı tarixində ilkdir. Təyinatla bağlı beynəlxalq ağırlıqqaldırma federasiyasından AAF-a rəsmi təbrik məktubu daxil olub.
IWF prezidenti Məhəmməd Calud tərəfindən ünvanlanan məktubda deyilir:
Hörmətli cənab Umudov,
IWF “Məsləhət Qrupu”nun üzvü təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. Bu mühüm vəzifəyə seçilməyiniz təcrübəniz, fədakarlığınız və ağırlıqqaldırma idmanına verdiyiniz töhfələrin sübutudur. Əminik ki, sizin fikir və məsləhətləriniz “İcraiyyə şurası”nın fəaliyyətinə dəstək olacaq, IWF-in strateji məqsədlərinin inkişafına böyük dəyər verəcəkdir.
İdmanımızın və onun qlobal icmasının gücləndirilməsində davamlı liderliyinizi və əməkdaşlığınızı gözləyirik. Bu mühüm vəzifədə sizə uğurlar arzulayırıq.
Bir daha sizi layiqli təyinatınız münasibətilə təbrik edirəm.
Hörmətlə,
İWF prezidenti Məhəmməd Calud!”

İWF-ə üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından “Məsləhət qrupu”na AAF rəsmisinin seçilməsi ölkə idmanımız üçün böyük nailiyyətdir. Belə ki, buna qədər ölkəmiz Avropa və dünya ağırlıqqaldırma federasiyalarının rəsmi strukturunda heç bir nümayəndə ilə təmsil olunmamışdı.

Həmin kateqoriyadan