- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan idman jurnalistikasında gərginlik və narahatçılıq davam edir. 2021-ci ilin noyabrında bolqarıstanlı Mariana Vasilyeva gənclər və idman naziri Fərid Qayıbova müavin keçəndən sonra, bu sahədə indiyədək görünməmiş hadisələr cərəyan etməyə başladı – yazarlar təqib olundular, işdən çıxarıldılar, tərəfdaşlarla əməkdaşlıq dayandırıldı, beynəlxalq səfərlərə maneə yaradıldı, yurd içi və dışı tədbirlərə dəvət və qeydiyyat əngəlləndi. Zərərçəkənlərin arasında müxtəlif zümrələr, hətta vaxtı ilə dövlət mətbu orqanlarında çalışanlar, fəxri ada, fərmana, diploma və mükafata layiq görülən jurnalistlər də var. Başqa sözlə, artıq 3 ildir KİV bolqar məmurun vəzifədən sui-istifadəsinin çətinliyini yaşayır.
Qələm əhli məngənədən çıxmaq üçün müxtəlif yol arasa da, “sapı özündən olan balta(lar)” – əgər on(lar)a jurnalist demək mümkünsə – arxadan zərbə vuraraq düşmən dəyirmanına su tökür(lər). Haqsızlığa və qərəzə məruz qalanların xilas mənbəyindən biri – Beynəlxalq idman mətbuatı assosiasiyasıdır. AİPS vəsiqəsi ilə istənilən yarışa birbaşa və ya asan üsulla çıxış əldə etmək mümkün olsa da, ölkəmizdə bu elə də asan deyil. Bunun üçün Azərbaycan idman jurnalistləri assosiasiyasına üzv olmaq, üzvlüyün və kartın haqqını ödəmək bəs etmir, üstəlik, AİJA-nın yazılmayan qanunlarına riayət gərəkir. Təşkilatda narazılıq, fikir bildirmək olmaz. Əks halda, vitse-prezident Natiq Nəsirovun qəzəbinə tuş gələcəksən və o sənə müxtəlif əsassız ittihamlar səsləndirəcək – minnət qoyacaq, AİJA-nı təhqir, ona xəyanət eləməkdə günahlandıracaq və qəzəbli şəkildə assosiasiyaya hörmət bəsləmədiyini bildirəcək. Yeri gəlmişkən, bu il AİPS 100-illiyini qeyd edir.
Ölkədə müxtəlif siyasi baxışa, düşüncəyə malik insanlar var. Belə çıxır, onlara şəxsiyyət vəsiqə verilməli deyil? Bir qrup İslami dindan var ki, milli və rəsmi dövlət bayramı olan Novruvu (Ərgəniqon) qəbul etmir. Bu düzgün yanaşma olmasa da, indi onları Azərbaycandan çıxarmaq lazımdır? Zorla sevgi olmaz! AİJA-da hər şey rəvan olsaydı, davamlı normal fəaliyyət müşahidə edilsəydi, onun üzərində AFFA yanında media komitəsi, Azərbaycan idman jurnalistləri federasiyası və Azərbaycan idman jurnalistləri ictimai birliyi yaranmazdı. AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun təşəbbüsü ilə yaradılmış komitə indiyədək gəlib getmiş ən demokratik və şəffaf seçkili qurum olub. Çox təəssüf ki, onu elə idarə heyətində yer alan həmkarlarımız dağıtdı.
Keçmiş gənclər və idman naziri Azad Rəhimovun xeyir-duası ilə ərsəyə gələn AİJF-dən böyük gözləntilər vardı. Təşkilat yarananda, ora kütləvi axın müşahidə edildi. Rəqabət və iddia o qədər güclü idi ki, idarə heyətindən kənarda qalanlar incik düşdülər. Əməkdaşlıq müqavilələri imzalandı, tədbirlər keçirildi, üzvlərə pulsuz vəsiqələr paylandı. Söz verildi ki, jurnalistlər müxtəlif qurumlarda yaxşı işlə təmin olunacaqlar.
2020-ci ilin fevralın 20-sində “Bulvar” mehmanxanasında idman KİV-i üçün görünməmiş tarixi hadisə baş verdi: AİJF-in prezidenti Qabil Mehdiyevin təşəbbüsü ilə ilk dəfə geniş tərkibdə ümumrespublika toplantısı keçirildi. Hərəkətliliyə və canlanmaya o qədər ehtiyac duyulurdu ki, qol.az-ın baş redaktoru Aydın Bağırov idman mətbuatı gününü fevralın 20-dən qeyd olunmasını təklif etmişdi.
“Neftçi” klubunun müraciətinə əsasən sportinfo.az saytına bəyanat birmənalı qarşılanmasa da, hər halda bunun özü cəsarətli addım idi, federasiya olaraq mövqe ortaya qoyulmuşdu. Yaxşı yadımdadır, təklif və layihə ilə bağlı müraciətim müsbət qarşılanmış, məktubuma dərhal cavab gəlmişdi. Hazırkı gənclər və idman naziri Fərid Qayıbovun dönəmində, 2022-ci ildə yaradılan AİJİB-in uğurlu olmaması birliyin sədri Azər Quliyevin (İsmayıl) zəifliyi, bacarıqsızlığı və təcrübəsizliyindən irəli gəlir.
AİJA-da indiki durum “Axırıncı aşırım”da bir səhnəni xatırladır: Kərbalayı külli ixtiyarı Qəmloya verib. O da hökümət adamı görəndə əlləri gicişir, ətrafını qəddarlıqla, qərəzlə və şəxsi çıxarları ilə idarə edir. Yaxşı olardı, estafet.az-ın təsisçisi Natiq Nəsirov elə birinci özü saytın işləməsi üçün estafet götürsün, Azərbaycan media qanunlarına əməl edib dövlət reyestrində qeydiyyata düşsün və özünə sual versin ki, heç olmasa, elektron səhifədə il ərzində bir məhsul hazırlayırmı? İndiki halda, estafet.az həvəskar statusdadır, günə 5-6 xəbər yerləşdirə, ya yerləşdirməyə. O da federasiyalarda yayımlanan press-relizlər hesabına.
AİPS kartında istifadə edib beynəlxalq yarışlara jurnalist kimi yollanaraq, orada ancaq idmançılara ürək-dirək, ruh yüksəkliyi verib, millinin çalışdırıcılari ilə söhbət etmək jurnalistin yox, psixoloqun və məşqçinin işidir. Jurnalist səfərdə öz təbliğatını aparmalı, nəticələri işıqlandırmalı, uğura tərif, uğursuzluğu tənqid etməlidir. AİJF-də yer alanları ekstremizmdə, AİJİB-in idarə heyətinə üzv təyin edilənləri seperatçılıqda suçlamaq, amma cüdo millisi ilə bir Avropa turuna yollanmaqla bu idman növündə haqsızlığa göz yummaq əsl jurnalistə yaraşan hərəkət deyil. Belə götürəndə, ““İlin idman tədbiri” – Azərbaycan kubokunun 1/8 finalında Xankəndində keçirilən “Qarabağ” və MOİK arasında oyunu”nu nominantlar sırasına əlavə etməməyin özü ən böyük xəyanətdir.
İndi aydındır ki, assosiasiyanın prezidenti Eldar İsmayılovu gənclər və idman nazirliyinə qarşı ədavətə sürükləyən də odur. Əməkdar jurnalist idman mediasının ağsaqqalıdır. Uzun illərdir AİJA-nı tək ayaqda saxlayanda, digərləri hardaydı? Onun layiqli davamçısı, 1-ci vitse-prezident Nərgiz Mahmudova, AİPS Avropanın (UEPS) icraiyyə komitəsinin üzvüdür, ölkəmizi yurd dışında həvəslə təmsil edir; AİPS-in rəsmi saytına giriş hüququ var və orada Azərbaycan idmanının təbliği ilə məşğuldur. AİJA-nın sənəddə xeyli üzvü var. Eldar müəllimin bildirdiyinə görə, illərdir onların üzvlük haqqı ödəyir. Sağ olsun. Amma bu üzdən təşkilatın uzun müddət ona borcu yarandığı söylənilir. Əslində, bu da düzgün deyil. Üzvlük haqqını ödəməyənlər nizamnaməyə əsasən müəyyən edilən müddətdən sonra birbaşa xaric olunmalıdır.
Onsuz da durum ürəkaçan deyil. Vitse-prezident Anar Şabanoğlunun istefası ilə AİJA-nın sol cinahı çöküb, daha əvvəlki kimi tədbirlər keçirilmir. Olanlardan, komitəyə gələn xəbərdarlıqdan sonra yəqin ki, sağ cinah da iflic olacaq. Hökümətlə hökümətlik eləməyin axırını nəylə bitdiyi hamı yaxşı bilir. Eldar müəllim də çox yaşlanıb (ötən il 75-illik yubileyi qeyd olunub), artıq təşkilatda onu eşitmirlər. Əks halda, onun istəyini yerinə yetirərdilər və allsport.az-ın nümayəndəsi digər ölkələrdə olduğu kimi rahatlıqla, heç bir əngəl olmadan AİPS vəsiqəsinə yiyələnərdi.
“Axırıncı aşırım”da Qəmlo xaincəsinə hücum edib silahsız Abbaqqulu bəyi öldürür. Kərbalayı bunu duyunca, qardaşından adam göndərib meyitin gətirilməsini istəyir. Vəli, “hamı Abbaqqulu bəyin dəfnindədir, tək qalmışıq, Kərbalayı” deyir. AİJA-nın nüfuzunun nə qədər olmasını söyləmək çətindir. Həqiqət odur ki, səsi eşidilsəydi, Eldar müəllimin Xankəndidə oyuna görə PFL-ə müraciəti müsbət həll olunar, ona müxtəlif bəhanə gətirilməz, ünvana dəvətnamə göndərilərdi. Tarixi oyunda iştirak etmək, bir qarabağlı kimi, AİJA prezidenti kimi, medianın ağsaqqlı kimi hamıdan çox haqq edən o idi, nəinki vitse-prezident Natiq Nəsirov. Artıq həqiqət anı yetişib. Növbəti yazıda hansı dövlət komitəsinin Fərid Qayıbova qarşı çıxmasından, beynəlxalq mətbuatda mövqeyi güclənəcək AİJA-nın nazirə təzyiqi və təhdidindən, gələcək GİN-i gözləyən təhlükədən bəhs edəcəyəm…
Kamran HACI