Aleksandr Tarakanov: “İndi yüklənmə dövrünü keçirik”

Oktyabrın 11-dən Aleksandr Tarakanov yunan-Roma güləş yığmamızda baş məşqçiliyə başlayıb. Allsport.az saytı xəbər verir ki, sıx qrafilə hazırlıq keçən təcrübəli mütəxəssis açıqlama verib. O, yeni komandasıyla bağlı ilk təəssüratlarını bölüşməklə yanaşı, hazırlıq planı haqqında məlumat verib:

“1993-94-cü illərdə Türkiyə yığmasında köməkçi-məşqçi kimi işləmişəm. Ancaq Rusiya xaricində ilk dəfə baş məşqçi kimi çalışıram. Azərbaycan yığması yaxşı komandadır. Burada güləşçilərin fərqli texniki bacarıqları var. Hələ SSRİ dönəmində yetişmiş güclü yunan-Roma güləşçilərin davamçılarını görməkdəyik. Onlar öz bacarıqlarını yeni nəsilə ötürüb. Yeganə mənfi məqam Olimpiadaya lisenziya qazanılmamasıdır. Halbuki millidə güclü güləşçilər var və mənə elə gəlir ki, biz bu missiyanın öhdəsindən gələcəyik.

Müşahidələrimə əsasən deyə bilərəm ki, güləşçilərin fiziki hazırlığı qaydasında olsa da, xalça üzərində məşqlərə daha çox ehtiyac var. Bəlkə məhz xalça üzərində məşqlər yetərincə olmadığı üçün dünya çempionatında nəticə ürəkaçan olmadı. Ancaq güləşçilərin təcrübəsinə söz ola bilməz.

Həftəlik məşqlərə gəlincə, çərşənbə və şənbə günləri 1 məşqimiz olur. Qalan günlər 2, bəzən isə 3 hazırlıq baş tutur. İndi yüklənmə dövrünü keçirik. Azərbaycan çempionatından sonra Minskdə təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Rusiyanın baş məşqçisi ilə də birgə hazırlıqla bağlı danışıqlar aparırıq. Ustalıq səviyyəsini artırmaq üçün belə toplanışlara ehtiyac var. Dekabrda keçiriləcək Azərbaycan çempionatında bütün yığma üzvlərinin iştirakı nəzərdə tutulub. Çünki bu yarışın nəticələrinə əsasən millinin heyəti yenidən formalaşdırılacaq. Sonra isə Avropa çempionatı və bizim üçün daha böyük önəm kəsb edən lisenziya turnirlərinə hazırlığa başlayacağıq. Uşaqlar məşqlərdə belə həvəslə işləməyə davam etsə, lisenziyaları qazanacaqlar. Bizdə xüsusən 60, 67, 87 və 130 kq-da rəqabət güclüdür və yaxşı perspektiv var”.

Həmin kateqoriyadan