Aleksey Qay: «Vurduğum qollar deyil, komandamızın uğuru vacibdir»

Premyer Liqanın 32-ci turunda “Neftçi”ni qəbul edən “Qəbələ” ev oyununda 1 xal əldə etdi. Allsport.az saytı xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçda hesabı Aleksey Qay açıb. Bunadək “Xəzər Lənkəran”la 31-ci turun çempionat (1:0) və “Neftçi” ilə kubok (1:1) görüşlərində erkən qol vuran ukraynalı yarımmüdafiəçi ardıcıl 3 oyundur qol vurur. 30-cu tur çərçivəsində “Rəvan”la matçı (2:0) cəza üzündən buraxan orta sahə oyunçusunun 29-cu turda “Sumqayıt”a da (1:1) qol vurduğunu nəzərə alsaq, o, meydana çıxdığı son 4 qarşılaşmada fərqlənib. Qay son matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Neftçi” ilə oyun haqda indi nə isə söyləmək çətindir. Artıq neçənci dəfədir ki, yaradılan qol imkanlarından istifadə edə bilmirik. Bundan maksimum yararlansaydıq, daha çox qol vurardıq. Lakin rəqibin xırda səhvlərimizdən də istifadə etdiyini nəzərə alsaq, hesabı qanunauyğunluq kimi dəyərləndirmək olar. Futbolda səhvin olmaması mümkünsüzdür. Hesabda iki dəfə önə keçdik. Bəlkə də konsentrasiyanın ani itirilməsi hər iki halda hesabın bərabərləşməsi ilə nəticələndi”.

Aprelin 27-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda, mayın 1-də isə Premyer Liqanın 32-ci turunda “Neftçi” ilə görüşən “qırmızı-qaralar” mayın 4-də yenidən eyni rəqiblə üz-üzə gələcək. Qay hər iki matçda qol vurduğu komanda ilə 3-cü duelin vacibliyini qeyd edib:

“İki gün sonra baş tutacaq qarşılaşma çox vacib əhəmiyyət kəsb edir. Çünki yarımfinalın cavab oyununun dəyəri də böyükdür. Uğur qazanacaq komanda həlledici matça vəsiqə əldə edəcək. Biz də bütün bacarığımızdan istifadə edib, finala yüksəlməliyik. Futbolda bəzən belə olur ki, ardıcıl bir neçə dəfə eyni komanda ilə qarşılaşırsan. “Neftçi” ilə qısa müddətdə 3-cü dəfə oynamağımızın hansı komandanın xeyrinə olacağını demək çətindir.

Belə oyunlarda rəqiblər bir-birini daha yaxşı tanıyır. Hətta müəyyən mənada rəqib komandanın necə oynayacağını da öncədən görmək olur. Düşünürəm ki, iki dəfə heç-heçə etdiyimiz “Neftçi” səddini adlayıb, finala çıxmaq üçün daha mütəşəkkil oyun nümayiş etdirməli, komanda şəklində oynamalıyıq”.

 

Həmin kateqoriyadan