AMADA idman ictimaiyyətini dopinqlə mübarizəyə çağırıb

Milli antidopinq agentliyində idman ictimaiyyətinin nümayəndələri, ölkəmizi beynəlxalq yarışlarda təmsil etmiş tanınmış idmançılarla görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda İlham Zəkiyev, Hacı Əliyev, Orxan Səfərov, Fəridə Əliyeva, Siana Vasileva, Zəkiyyə Həsənova, Məhəmməd Məmmədov, Fəxriyyə Tağızadə, Səid Quliyev, Kamran Şahsuvarlı, Ruslan Abışev və Məryəm İmanova iştirak ediblər.

Tədbirin məqsədi AMADA-nın planları ilə tanışlıq, milli antidopinq proqramının həyata keçirilməsində dəstəyin əldə edilməsi və idman ictimaiyyətinin nümayəndələri ilə məsləhətləşmələrin aparılması olub.
Təşkilatın rəhbəri Şəfəq Hüseynli iştirakçılara Agentliyin dopinqlə mübarizəyə və idmançıların hüquqlarının müdafiəsinə yanaşması, fəaliyyəti və milli antidopinq proqramının təkmilləşdirilməsi üzrə planları barədə məlumat verib. Test keçirmə və idman ictimaiyyətinin dopinqin zərəri və idmançıların hüquq və öhdəlikləri barədə biliklərinin artırılması üzrə əsas fəaliyyəti ilə yanaşı, Agentlik digər dövlət, o cümlədən, hüquq-mühafizə orqanları ilə birlikdə idman nailiyyətlərinin süni artırılması üçün istifadə edilən güclü təsirli preparatların ölkəyə qanunsuz gətirilməsi və satışının qarşısının alınması üzərində fəal işləyir. Ş.Hüseynli idman ictimaiyyətinin dəstəyi ilə birgə səylərin ölkə idmanının inkişafında və onun təmizliyinin təmin edilməsində müsbət rol oynayacağına əminliyini bildirib.

Azərtac.az-a bildirib ki, AMADA-nın hədəflərindən biri idmançılar tərəfindən antidopinq qaydalarının bilməyərəkdən pozulması hallarının azaldılmasıdır. İdmançıları antidopinq qaydaları və prosedurları, həmçinin hüquq və öhdəlikləri ilə daha yaxından tanış etmək məqsədilə AMADA-nın Tokio-2020 oyunlarının iştirakçılarına məcburi antidopinq təliminin keçilməsi təklif olunub. Təklif görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

İştirakçılar AMADA-nın onlayn təhsil kurslarının, Azərbaycanda əlçatan olan qadağan edilmiş maddə və preparatlar üzrə onlayn məlumat bazasının yaradılması üzrə planlarını, o cümlədən idmançılar tərəfindən terapevtik istifadə üçün icazələrin alınması üzrə məlumatlandırıcı seminarların keçirilməsi barədə təkliflərini dəstəkləyiblər.

Görüşdə antidopinq təhsilinin səmərəliliyi məsələləri müzakirə edilib. Güləş üzrə üçqat dünya çempionu Hacı Əliyevin təklifi ilə həm idman ictimaiyyətinin, həm də əhalinin geniş dairələrinin məlumatlılığının artırılması və idmanın təmizliyi üzrə mübarizəyə idmançıların da cəlb olunmasına dair razılığa gəlinib.

Həmin kateqoriyadan