Londonda vörkşopda ölkəmizi təmsil edib

Azərbaycan milli antidopinq agentliyi (AMADA) Londondakı Lafboro universitetində keçirilən data analitikası üzrə vörkşopda ölkəmizi təmsil edib. Allsport.az xəbər verir ki, Böyük Britaniya antidopinq agentliyi (UKAD) və “Sport integrity Australia” tərəfindən “Axia Origin” ilə əməkdaşlıq çərçivəsində təşkil edilən vörkşop qlobal antidopinq icmasının əsas tərəfdaşlarını bir araya gətirib. Tədbirdə 16 antidopinq təşkilatının (ADO), ümumdünya antidopinq agentliyinin (VADA), milli antidopinq təşkilatları institutunun (İNADO) və beynəlxalq test agentliyinin (İTA) nümayəndələri iştirak ediblər.

AMADA-nın nümayəndə heyətində icraçı direktorun müavini Rüfət Əfəndiyev və təhsil məsələləri üzrə aparıcı mütəxəssis Qüdrət Səfərov yer alıblar. İki gün davam edən intensiv müzakirələr zamanı data analitikası və süni intellektdən istifadə edərək qlobal antidopinq səylərinin təkmilləşdirilməsi imkanları araşdırılıb.

R.Əfəndiyev tədbirin əməkdaşlıq sessiyalarında mühüm rol oynayaraq, süni intellektin idarəetmə çərçivələri, birgə tətbiq halları və strateji məlumat əsaslı həllər mövzularında müzakirələrə töhfə verib. Onun fəal iştirakı AMADA-nın beynəlxalq tərəfdaşlığı möhkəmləndirmək və antidopinq sahəsində innovativ yanaşmaları dəstəkləmək öhdəliyini bir daha nümayiş etdirib.

Q.Səfərov isə “ADO-lar üçün süni intellekt” mövzusunda panel müzakirəsində çıxış edərək AMADA-nın süni intellektin antidopinq səylərinə inteqrasiyası və qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslərini vurğulayıb. O, təqdimatında təmiz idman məqsədlərinə nail olmaq üçün süni intellektin praktiki tətbiqi üzrə dəyərli məlumatları diqqətə çatdırıb.

Vörkşopda data etikası, süni intellekt üzrə əməkdaşlıq üçün maneələr və imkanlar, həmçinin antidopinq ehtiyaclarına uyğun idarəetmə çərçivələrinin hazırlanması mövzularını əhatə edib. İştirakçılar müzakirələrin dəqiq nəticələrə çevrilməsini təmin etmək məqsədilə interaktiv qrup fəaliyyətlərində fəal iştirak ediblər.

Tədbirdə VADA, İNADO, İTA və dünyanın müxtəlif ölkələrindən olan ADO-ların iştirakı dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayıb. “Axia Origin”in data analitikası üzrə dəstəyi sayəsində vörkşop antidopinq icması üçün innovativ strategiya və həllərin hazırlanması istiqamətində mühüm platforma rolunu oynayıb.

Həmin kateqoriyadan