- Baxış sayı: 46
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan milli antidopinq agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Tokio-2020 yay olimpiya oyunlarında dopinq nəzarəti ilə bağlı yeniliklər və dəyişikliklər haqda oyunlarda iştirak edəcək idmançılara və onları müşayiət edəcək heyətə müraciət ünvanlayıb. Allsport.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:
“Tokio-2020 yay olimpiya oyunlarında koronavirus pandemiyası səbəbindən baş verən dəyişikliklər dopinq nəzarəti sahəsini də əhatə edir.
Oyunlar zamanı dopinq nəzarəti prosesi koronavirus qaydaları nəzərə alınaraq həyata keçiriləcək. Oyunlarda dopinq nəzarətini həyata keçirmək üçün AMADA-nın da iki dopinq nəzarəti inspektoru iştirak edəcək.
Tokio-2020-də iştirak edəcək idmançılar və onları müşayiət edəcək heyət baş verən yenilikləri və dəyişikləri nəzərə almaqla olimpiya oyunları müddətində bütün qaydalara, o cümlədən də Tokio-2020-nin antidopinq qaydalarına və AMADA-nın təlimatlarına tam və ciddi riayət etməlidir. Əks halda, qaydalara əməl olunmaması antidopinq qayda pozuntusu kimi qiymətləndirilə və sanksiya ilə nəticələnə bilər.
Tokio-2020-də dopinq nəzarəti baxımından bir sıra yeniliklər var. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk dəfə yay olimpiya oyunları müddətində dopinq nəzarəti ilə bağlı öhdəliklərini beynəlxalq test agentliyinə (BTA) həvalə edib. BTA isə oyunlara hazırlıq müddətini və oyunların keçirildiyi dövrü əhatə edən geniş test planını icra edir. Olimpiya oyunlarına lisenziya qazanmış idmançıların hamısı hazırlıq mərhələsində dopinq testinə cəlb edilir və hətta bəzi idmançılardan bir neçə dəfə dopinq testi götürülə bilər.
Oyunlar müddətində hər bir idmançı əvvəlcədən xəbərdarlıq edilmədən dopinq testindən keçirilə bilər. Ona görə də idmançıların öz hüquqlarını öhdəliklərini və antidopinq qaydalarını bilmələri və ona uyğun davranmaları vacibdir. Əgər idmançı dopinq nəzarəti prosesində hər hansı bir nöqsan, uyğunsuzluq, hətta şübhəli bir məqam müşahidə edərsə yaxşı olar ki, bu barədə dopinq nəzarəti formasının şərh bölməsində ətraflı yazsın. Bu, mümkün araşdırmalar zamanı həmin idmançının hüquqlarının müdafiəsi baxımından vacibdir.
Tokio-2020-də ilk dəfə olaraq dopinq nəzarət prosesi kağızsız formada – MODOC sistemi ilə həyata keçiriləcək. AMADA MODOC sistemini 2018-ci ildən tətbiq etdiyi üçün Azərbaycan idmançıları bu sistemlə tanışdır. Kağızsız dopinq nəzarət sistemi tətbiq edildiyi üçün idmançıların işlək elektron ünvanı olmalıdır. Çünki dopinq nəzarəti ilə bağlı bütün bildiriş və sənədlər həmin ünvana göndəriləcək. İdmançılar elektron ünvanlarını mütəmadi olaraq yoxlamalı və dopinq nəzarəti ilə bağlı gələn məktub və bildirişlərə çevik reaksiya verməlidir.
Tokioya yollanacaq heyətin özləri ilə aparacağı əşyalar, o cümlədən dərman vasitələri və tibbi ləvazimatlarla diqqətlə yanaşmalıdırlar. Aparılan dərman vasitələri və tibbi ləvazimatlar Ümumdünya Antidopinq Agentliyinin Qadağan Edilmiş Siyahısı, habelə Yaponiyaya gətirilməsi qadağan olan əşya, maddə və dərmanlarla bağlı siyahı ilə yoxlanılmalıdır. İdmançılar və onları müşayiət edəcək heyət özləri ilə apardıqları dərman və əşyaları əvvəlcədən bəyannamədə göstərməli və qadağan olunmuş siyahıda olanları qəti şəkildə aparmamalıdır. (Terapevtik İstisnalar üçün İcazəsi (Tİİ) olanlar istisna olmaqla). Buna əməl olunmaması hətta həmin şəxslərin ölkəyə buraxılmaması ilə nəticələnə bilər.
Yay olimpiya oyunları zamanı Beynəlxalq Olimpiya Komitəsinin “İynəyə yox” siyasətinə riayət edilməlidir. Bu siyasət özündə iynə və inyeksiya üçün istifadə edilən ləvazimatlara ciddi nəzarəti ehtiva edir.
Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idmançılar qidalanmaları zamanı diqqətli olmalıdırlar. Xüsusi ilə də, tərkibində ət və ət məhsulları olan yeməkdən istifadə etdikdə həmin qidanın mənbəyinə diqqət yetirilməlidir. Çünki bəzi ət məhsullarının tərkibində qadağan edilmiş Klenbuterol maddəsi ola bilər. Ona görə də idmançılara Olimpiya kəndində və ya qida mənbəyi haqqında məlumat verə bilən yerlərdə qidalanmağa üstünlük vermələri tövsiyə olunur.
Sadalanan bütün bu məsələlərlə bağlı AMADA geniş maarifləndirmə proqramı həyata keçirir. İdmançılar və onları müşayiət edən heyət üçün silsilə təlimlər keçirilir. Bu təlimlərdə Tokioda dopinq nəzarətinin həyata keçirilməsi və antidopinq qaydaları ilə bağlı bütün vacib məlumatlar onlara çatdırılır. 25 iyun 2021-ci il tarixində AMADA-nın milli olimpiya komitəsi ilə birlikdə keçirdiyi Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunmuş iclasda da respublika idman federasiyalarının nümayəndələrin bu barədə ətraflı məlumatlandırılıb.
Bir müddət əvvəl Tokio-2020-yə yollanacaq idmançılar üçün “ADEL for Tokyo 2020 Olympics” platforması istifadəyə verilib. Tokio Yay Olimpiya oyunlarına lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək heyətin bu onlayn kursu keçib sertifikat alması vacibdir. AMADA idmançılara və Tokioya yollanacaq heyətə dəstək məqsədi ilə həmin onlayn kursu Azərbaycan dilinə tərcümə edib. Bundan əlavə idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstək göstərir. Artıq Tokio-2020-də iştirak edəcək 44 idmançıdan 42 nəfəri “ADEL for TOKYO 2020” kursunu keçərək sertifikat əldə edib. Onları müşayiət edəcək 45 nəfər köməkçi heyətdən 41 nəfəri də sertifikat əldə edib.
Bundan əlavə Tokio Yay Olimpiya Oyunlarında iştirak edən 4 nəfər tibb heyətindən 2 nəfər “ADEL for Medical Professionals”, 1 nəfər “ADEL for Medical Professionals at Major Games”, 1 nəfər isə hər iki kursu keçərək sertifikat əldə edib.
Tokio 2020 yay paralimpiya oyunlarına lisenziya qazanan 31 idmançıdan isə 15 nəfəri “ADEL for TOKYO 2020” kursunu keçərək sertifikat əldə edib. Hazırda bu proses davam edir.
İdmançılara dəstək məqsədi ilə yay olimpiya oyunları müddətində AMADA-nın çağrı mərkəzi də fəaliyyət göstərəcək. 24 saat fəaliyyət göstərəcək bu çağrı mərkəzinə idmançılar antidopinq məsələləri ilə bağlı günün istənilən vaxtı müraciət edib, lazım olan məlumatları ala biləcəklər.
AMADA-nın bütün bu layihələri həyata keçirməkdə məqsədi idmançılarımızın vətənimizi layiqincə və ləyaqətlə təmsil etməsinə dəstək olmaq və ölkəmizin idman nüfuzunu qorumaqdır”.