AMADA-nın illik hesabatı: Ən çox test götürülən və dopinq aşkarlanan idman növü güləş olub

Bu gün milli antidopinq agentliyi ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Allsport.az saytı xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli əldə olunan nailiyyətlər, keçirilimiş testlər və aşkarlanmış antidopinq qayda pozuntuları, təhsil və təlim sahəsində aparılan işlər və qurumun bir neçə informasiya texnologiyaları layihələri haqqında məlumat verdi.

6-7 fevralda Avropa Şurasının Antidopinq Konvensiyası üzrə monitorinq qrupunun Bakıya səfəri baş tutub. Əsas məqsəd ölkədə antidopinq siyasətinin aparılması üzrə atılmış addımların monitorinqini təşkil etmək olub. Nəticədə, cari ilin noyabr ayında monitorinq qrupunun hesabatı Avropa Şurasının görüşündə təsdiq edilmiş və AMADA tərəfindən aparılan maarifləndirmə işləri və hüquq-mühafizə orqanları ilə memorandumlar əsasında dopinqlə mübarizənin mütəşəkkil idarəedilməsi digər təşkilatlara tövsiyə ediləcək ən yaxşı təcrübə hesab edilmişdir.

14-15 noyabr tarixində Bakıda idman sahəsində mühüm görüşlərdən biri hesab edilən Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) təsisçilər şurasının və icraiyyə komitəsinin iclasları oldu. Toplantıda üzv və qonaqların sayı gözlənilən saydan (200) artıq idi,

Həmçinin, 2018-ci ilin iyun ayında qanunvericilikdə müəyyən dəyişikliklər baş vermiş və nəticədə hüquq-mühafizə orqanları və antidopinq qurumu arasında məlumat mübadiləsinin aparılmasının hüquqi əsası qoyulmuşdur. Bununla, həmçinin, dopinq vasitələri siyahısına daxil edilən güclü təsir edən maddələrin (steroidlər) qanunsuz dövriyyəsi üzrə təhqiqatların effektiv, operativ və davamlı qaydada aparılması başlamışdır. Məlumat mübadiləsi gənclər və idman, daxili işlər, səhiyyə, vergilər nazirlikləri, dövlət gömrük komitəsi və qida təhlükəsizliyi agentliyi kimi qurumlarla aparılır. Həmçinin, İNTERPOL-un milli mərkəzi bürosu ilə razılaşma memorandumu imzalanıb.

Dopinqin istifadəsi idmandan savayı ictimaiyyətə də mühüm zərər yetirir. Odur ki, dopinq vasitələrinin qanunsuz dövriyyəsi halları aşkarlanmış və müxtəlif yaş kateqoriyaları, ələxsus azyaşlılar tərəfindən anabolik steroid və digər güclü təsirə malik maddələrin istifadəsi yayılmışdır. Cari ildə bir neçə əməliyyat tədbirləri həyata keçirilmiş və müəyyən şəxslər məsuliyyətə cəlb edilmişlər. Lakin, 2019-cu ildə hüquq-mühafizə oraqnları ilə sıx əməkdaşlıq edərək əməliyyat tədbirləri daha da genişlənəcək və qanunsuz dövriyyə ilə məşğul olan idman klubları və fitnes mərkəzləri məsuliyyətə cəlb olunacaqlar.

2018-ci il üçün milli antidopinq proqramı çərçivəsində ümumilikdə 817 test keçirilib. Bunlardan 445-i yarışdan kənar müddətdə, 372-si yarış müddətində. Əlavə olaraq, 44 idmançıdan bioloji pasport üçün qan toplanmışdır. Beynəlxalq federasiyalar tərəfindən verilmiş sifarişlərər əsasən 2018-ci ildə ümumi 101 test sifariş edilmişdir, bunlardan 67-si yarışma müddətində, 34-ü yarışmadan kənar təşkil edir. Bütün bu testlərin keçirilməsi üçün 162 missiya tələb olunub. Bu missiyalar 817 test, 543 idmançı və 21 idman növünü əhatə edib.

2018-ci il üzrə antidopinq qayda pozuntuları üzrə güləş 12, taekvondo 7, boks 5, cüdo 3, ağırlıqqaldırma, velosiped idmanı, voleybol – 2, atletikada 1 qeyri-əlverişli analiz nəticəsi aşkarlanıb. Əlavə olaraq, ağır atletikada 1 atipik nəticə aşkarlanıb. İl ərzində dopinq nəzarətindən imtina 1 dəfə və məkan məlumatı pozuntusu halları isə 8 dəfə baş verib. Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. Qeyri-əlverişli analiz nəticələrinin bir çoxu anabolik steroid təşkil etmiş və idmançıların 25 faizi azyaşlı təşkil etmişdir. Ümumilikdə, 35 antidopinq qayda pozuntusu baş vermiş və 35 yekun qərar açıqlanıb. Ən çox test götürülən növlər – güləş, futbol və velosiped idmanı olublar.

Təhsil və təlim üzrə keçirilmiş seminarlar üzrə respublika idman federasiyalarında və idman klublarında 34; təhsil nazirliyi ilə birgə idman məktəblərində 2; milli olimpiya komitəsi ilə birgə Buenos Ayres-2018 yeniyetmələrin yay olimpiya Oounları adlı 1; dövlət gömrük komitəsi idman sağlamlıq mərkəzinin “Gömrükçü” idman klubunda 1 seminar keçirilib.

Həmçinin, cari ildə Koreyada keçirilən Qış olimpiya oyunları; Batut Gimnastika, ikili mini-batut və tamblinq üzrə 26 Avropa çempionatı; Velosiped BMX növü üzrə dünya Ççmpionatı; Cüdo üzrə dünya çempionatı zamanı antidopinq maarifləndirmə təbliğatı olub. Əlavə olaraq, Bədən Tərbiyəsi və İdman Günü və Ədalətli İdman Günü tədbirləri zamanı antidopinq üzrə maarifləndirmə işləri aparılıb. İdmançıların və digər aidiyyatı şəxslərin antidopinq sahəsində məlumatlandırılmasının artırılması məqsədilə ÜADA tərəfindən tətbiq edilmiş elektron antidopinq təhsil platformasının (Anti-Doping e-Learning (ADeL) azərbaycan dilinə tərcüməsi başlamışdır. AMADA Birləşmiş Krallıq Antidopinq Agentliyi (UKAD) ilə antidopinq sahəsində araşdırma və təhqiqatlar üzrə əməkdaşlığa başlamışdır.

Cari il ərzində AMADA dopinq nəzarəti əməkdaşları üçün 11 məşğələ keçirmiş, idmançılar və idmançılara köməkçi heyətlə antidopinq sahəsində hüquq üzrə 53 görüş, qeydiyyata alınmış test qrupu və nəticələrin emalı üzrə 59 görüş, məkan məlumatı və digər antidopinq qaydaları barədə 34 görüş keçirmişdir. Həmçinin, təhsil müəssisələrində antidopinq sahəsinə dair tədris proqramının hazırlanmasına başlanmışdır.

AMADA idmançıların antidopinq sahəsi üzrə maarifləndirmə prosesində fəal işitrakı barədə təşəbbüs irəli sürmüşdür. Bununla bağlı, 11 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Antidopinq Agentliyində (AMADA) idman ictimaiyyətinin nümayəndələri, müxtəlif idman növləri üzrə ölkəmizi beynəlxalq yarışmalarda təmsil etmiş tanınmış idmançılar ilə görüş keçirilib. İdmançıların AMADA-nın peşəkar idman ictimaiyyəti üçün təhsil seminarları və təşviq fəaliyyətlərinə qatılması, gənc idmançılar üçün master-klassların keçirilməsi və AMADA-ya dopinqin təhlükələri barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak edilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan