Ansi Aqolli “Qarabağ”da 11-ci oldu

Qarabağ”ın futbolçusu Ansi Aqolli Topaz Premyer Liqasında yubiley matçını keçirib. Allsport.az xəbər verir ki, albaniyalı legioner 5-ci turun “Kəpəz”lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb.

O, bu oyunlarda 3 qol vurub. 2010-cu ildən Azərbaycanda çıxış edən Ansi Premyer Liqadakı bütün qarşılaşmalarını “Qarabağ”ın heyətində keçirib. Ansi Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Ona qədər 10 oyunçu “Qarabağ”la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Ansi həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb. “Qarabağ”ın indiki heyətində isə yalnız iki oyunçu klubunun heyətində Aqollidən daha çox çempionat oyunu keçirərək 150-dən artıq matçın iştirakçısı olub. Bunlar Namiq Yusifovla Maksim Medvedevdir.

Qeyd edək ki, Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə “Neftçi”yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.

Həmin kateqoriyadan