- Baxış sayı: 41
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

4-14 sentyabrda İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilib. “Dumanlı Albion”da 10 rinq ustasından ibarət kişi millimiz 2 bürünc medala yiyələnib. Onu da ölkəmizə legionçular – Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) qazandırıblar. Hazırda bu idman növündə durum ürəkaçan deyil. Müstəqillikdə boks federasiyasının ilk prezidenti Ağacan Abiyevin yaratdığı məktəb tənəzzülə uğramağa başlayıb. Zamanında, sözün yaxşı mənasında, ölkə çempionatına bilet növbəsi yaradan, müxtlif yaş qrupu üzrə millidə hər çəkidə 2 eyni səviyyədə boksçusu olan, rəqabət çoxluğundan idmançılarını başqa ölkələrin adından çıxış etməsinə şərait yaradan Azərbaycan boks federasiyası indi gəlmələrin ümidinə qalıb. Son 2 olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında mükafatlara əsasən legionçular nail olurlar.
ABF-in indiki rəhbərliyinin təbirincə, respublikamızda boksda həyat 2022-ci ildən, Sahil Babayevin federasiya prezidenti olduqdan sonra başlayır. Çünki ABF-in rəsmi saytında “Haqqımızda” bölməsində bu idman növündə zəngin nəticələr və bu uğurda payı olanların heç birinin adı qeyd olunmayıb. Elə bu səbəbdən öz uğurlarımız ildən-ilə azalmağa, aparıcı ölkələrdə çoxalmağa başlayır. Bunun məntiqi sonluğu kimi, zamanında – Ağacan Abiyevin dönəmində ABF-in başa-baş mücadilə etdiyi Özbəkistan bu dünya çempionatında 6, Qazaxıstan 4 qızıl medala yiyələndi. Maraqlıdır ki, bütün 10 çəkidə ən yüksək əyarlı mükafatları öz yurduna elə bu 2 ölkə daşıyıb.
Yeni rəhbərliyə gəlincə, öncə kubalıların “ayaqqabısını geyindilər”, indi də özbəklərin “yerişini yeriməyə çalışırlar”. “Şərəfli” və “Şöhrətli” alimin dövründə yaradılan güclü klub sistemi dağılıb, son dönəmdə bölgədə tək Lənkəranda yeni boks zalı açılıb. Amma vaxt vardı yeniyetmələrdən ibarət millimiz Avropa birinciliyində 4 qızıl (Bakı-1999) və ya dünya birinciliyində (Bakı-2001) 6 final həyacanı yaşayırdı; Saratov-2004-də qitənin ən güclü yeniyetmələrinin yarışında 13 çəkinin 6-sında azərbaycanlıların həlledici döyüşlərə vəsiqə qazanması da yadda qalan olmuşdu. İndi ancaq gəlmələrin uğurları yaddaşda qalır. Hanı o yerli boksçularımız?..
Burada Qəribi ağlamaq tutur, lap Məmun kimi: “Hanı mənim şanlı-şöhrətli sərkərdələrim: ibn As, ibn Cüneyd, ibn Əbu Xalid. Hanı, hanı Tusi? Öldürülməz Tusi”. Boksun indiki vəziyyətini isə “Babək”də xəlifənin vəziri oxşar təsvir edir: “Cəngavər Tusi geri dönmədi, nəsibi ağ kəfən oldu. Çıxartdılar o zalımlar əynindən həyat libasını, geyindirdilər ona ölüm libasını. O zaman ki, o dilavəri torpaq bağrına basdı. Göy kişnədi, bulud ağladı, ey fani dünya, ey fani dünya…”