Azərbaycan və Gürcüstan 20 min avroluq turnir keçirəcək

Gənclər və idman nazirliyinin, Azərbaycan və Gürcüstan şahmat federasiyalarının, SOCAR-ın təşkilatçılığı ilə mayın 26-dan 28-dək blits üzrə onlayn beynəlxalq “İpək Yolu Kuboku” turniri keçiriləcək. Allsport.az xəbər verir ki, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçiriləcək turnir Azərbaycanın və Gürcüstanın milli bayramları – Respublika günü və Müstəqillik gününə həsr ediləcək.

Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçiriləcək. Turnirdə 50 iştirakçı mübarizə aparacaq. Hər iki ölkədən FIDE əmsalına görə kişilərin siyahısında ilk 12-likdə, qadınların reytinqində isə ilk 8-likdə qərarlaşan (2020-ci il 1 may tarixinə), bu il yanvarın 1-də 16 yaşı tamam olmamış şahmatçılar arasında ilk üçlükdə yer almış gənclər yarışda iştirak edə bilərlər. Federasiyalar yarışa əlavə 2 şahmatçı dəvət etmək hüququna malikdirlər.

Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaqlar. 15 turdan ibarət yarış İsveçrə sistemi üzrə keçiriləcək.

Turnirin 1-7-ci turlarına mayın 26-da saat 15:00-da, 8-15-ci turların görüşlərinə isə mayın 28-də saat 18:00-da start veriləcək.

Həmin kateqoriyadan