“Azəryol” çempionluğa 1 addım da yaxınlaşdı

Qadın həndbolçuların superliqasında 18-ci tur da arxada qalıb. Allsport.az saytı xəbər verir ki,  “ABU arena”da “Azəryol” – “Azərsu” görüşü həlledici olub. Bu turadək 3 dəfə qarşılaşan rəqiblərin görüşlərində 2 dəfə “Azərsu”, 1 dəfə isə “Azəryol” qalib gəlmişdi. Bu baxımdan sayca 4-cü oyun məsələyə aydınlıq gətirməli idi.

Prinsipial qarşılaşmada 30:25 hesabı ilə qələbə çalan “Azəryol” rəqibi ümumi hesabda  4 top fərqi ilə üstələyib. Belə ki, son turda yüksək ehtimalla “İdman akademiyası”na da qalib gələcək “Azəryol”u artıq indidən çempionluq münasibəti ilə təbrik etmək olar. Sensasiya baş verməsə, martın sonlarında Azərbaycan kubokunu da başı üzərinə qaldıran “Azəryol” üçün bu mövsüm “qızıl dubl”la yadda qalacaq.

18-ci turun digər oyununda “Gənclərbirliyi”  “İdman akademiyası” komandasına 28:35 hesabı ilə uduzub. Qeyd edək ki, 20 turdan ibarət Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.

Həmin kateqoriyadan