Azad Rəhimov bolqarıstanlı həmkarı ilə görüşüb

Gənclər və idman naziri Azad Rəhimov bolqarıstanlı həmkarı Krasen Kralevlə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda o, Azərbaycanda idmanın inkişafı üçün yaradılan əlverişli şərait, genişmiqyaslı idman infrastrukturu barədə ətraflı məlumat verib. Nazir hazırda Azərbaycanda 45 olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini, bunun bölgələrdə də idmanın sürətli inkişafına töhfə verdiyini qeyd edib. Azad Rəhimov dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın son illər mötəbər beynəlxalq yarışlara ən yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Azərbaycanda idmanın inkişafı üçün əlverişli şəraitin yaradılmasından məmnunluğunu bildirən Krasen Kralev bədii gimnastika üzrə 37-ci dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, ölkəsinin gənclər və idman sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Həmin kateqoriyadan