Azad Rəhimov qitə birinciliyində fərqlənən şahmatçıları mükafatlandırıb

Gənclər və idman nazirliyində bu ilin avqustunda Slovakiya paytaxtı Bratislavada keçirilmiş şahmat üzrə yeniyetmələrin şəxsi Avropa birinciliyində mükafatlar qazananlarla, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda naziri Azad Rəhimov, onun müavini İsmayıl İsmayılov, şahmat federasiyasının vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov və digər rəsmi şəxlər iştirak ediblər.

Azad Rəhimov gənc idmançıları ürəkdən təbrik edib, Azərbaycan şahmatının gələcək inkişafında onların hər birinin xüsusi rolu olduğunu vurğulayıb. Sonra Azad Rəhimov, Azərbaycan şahmatının ənənələrindən, Azərbaycanda təşkil edilib keçirilən Ümümdünya Şahmat Olimpiadası, Dünya Kuboku, super-turnirlər və beynəlxalq şahmat festivalları kimi tədbirlər haqda məlumat verib. Nazir, Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyev tərəfindən bütün Azərbaycan idmanına olduğu kimi, Azərbaycan şahmatına da xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

AŞF-in vitse-prezidenti Mahir Məmmədov da qalibləri təbrik edərək, bütün şahmatçılar adından göstərilən qayğıya görə dövlət başçısına və gənclər və idman nazirliyinə öz təşəkkürünü bildirib. Görüşün sonunda nazir Azad Rəhimov qitə birinciliyində mükafatlar qazanmış gənc şahmatçılara AGİN-in fəxri fərmanlarını və pul mükafatları təqdim edib.

Qeyd edək ki, Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal əldə qazanıblar. 14 yaşadək qızlar arasında Ayan Allahverdiyeva (Bakı) və 8 yaşadək qızlar arasında Dinarə Hüseynova (Bakı) qızıl, 8 yaşadək qızlar arasında Səadət Bəşirli (Gəncə) gümüş, 8 yaşadək oğlanlar arasında Yusif Kərimli (Şəki) və 10 yaşadək oğlanlar arasında Cahandar Azadəliyev (Bakı) bürünc medal qazanıblar. Ümumi hesabda Azərbaycan komandası Rusiyadan sonra Avropa birinciliyində ikinci nəticə göstərib.

Həmin kateqoriyadan