AzAL birini transfer etdi, dördünü baxışdan keçirir

AzAL qış fasiləsini başa vuraraq yenidən bir araya gəlib. Allsport.az xəbər verir ki, “təyyarəçilər” yanvarın 5-dən etibarən mövsümün 3-cü və 4-cü dövrələrinin hazırlığına start verib.

Təlim-məşq toplanışını Bakıda keçəcək AzAL bu müddətdə bir neçə yoxlama oyunu da keçirəcək. Hələlik rəqiblərin adı bəlli olmasa da, bu yöndə işlər gedir.

Komanda gündə iki dəfə olmaqla məşq edir. Şüvəlandakı bazada qərarlaşan oyunçular adətən, öncə fiziki, sonra isə taktiki-texniki hazırlıq keçir.

“Təyyarəçilər”in ötən gün baş tutan məşqində 5 yeni sima da iştirak edib. Bunlar son klubu “Araz Naxçıvan” olmuş Azər Məmmədov, Ruslan Nəsirli və Aqil Nəbiyev, “Xəzər Lənkəran”dan ayrılan Aleksandr Şemonayev və yenicə “təyyarəçi” olan Nicat Qurbanovdur. Üstəlik, əvəzedici komandadan Əfqan Poladlı, Fərid Hacıyev və Fariz Nəcəfov da əsas komanda ilə birgə məşq keçib. Dizində yüngül zədəsi olan Viktor İqbekoyi isə fiziki hazırlıq üzrə məşqçi ilə fərdi proqram əsasında çalışıb.

Qeyd edək ki, AzAL 4 futbolçu ilə yollarını ayırıb. Qarşılıqlı razılaşma əsasında Con Kordoba, Asif Mirili, Tural Nərimanov və Orxan Səfiyaroğlu komandadan gedib. Əvəzində paytaxt klubu Nicat Qurbanovu transfer edib. Komandanın gücləndirilməsinə çalışan AzAL-ın qış “transfer bazarı”nda ilk transferi məhz bu futbolçu olub. Fevralda 23 yaşı tamam olacaq Qurbanov icarə əsasında “təyyarəçilər”in şərəfini qoruyacaq. AzAL onu “Neftçi”dən icarəyə götürüb. (klub saytı)

Həmin kateqoriyadan