Bojidar Bandoviç “Qəbələ” – “Panatinaikos” matçından danışdı

“Bakı”nın sabiq baş məşqçisi Bojidar Bandoviç Avropa Liqasının pley-off mərhələsi çəçivəsində “Qəbələ” ilə “Panatinaikos” klubları arasında keçiriləcək ilk oyun öncəsi Yunanıstan mətbuatına müsahibə verib. Allsport.az xəbər verir ki, serbiyalı mütəxəssis öncə bunları söyləyib:

“Mən Azərbaycanın ən yaxşı komandalarından biri olan “Bakı”da çalışmışam. “Qəbələ”yə gəlincə, bu klub hazırda “Qarabağ”la birgə ölkə çempionu adına əsas namizəddir. Heyətində yaxşı legionerləri var”.

Bandoviçin sözlərinə görə, yerli hava şəraiti Afina klubunun oyununa təsir göstərməməlidir: “Azərbaycanda hava şəraiti hazırda çox isti keçir. Amma Yunanıstandan isti olduğunu düşünmürəm. Bu üzdən də “Panatinaikos” üçün hansısa problem olacağını deməzdim”.

Serbiyalı mütəxəssis jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə görə həbs olunan “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynovdan da söz açıb: “Hüseynovla “Bakı”da birgə çalışmışıq. O, yarım il Türkiyənin “Adana Dəmirspor” klubuna oynadıqdan sonra “Bakı”ya keçmişdi. Hərdən yığma komandaya da dəvət olunurdu. Onunla birgə çalışdığımız dövrü yaxşı təcrübə hesab edirəm. O, çox peşəkar futbolçu və yaxşı insan idi”.

Serbiyalı mütəxəssis Azərbaycanda futbolun səviyyəsindən danışarkən bunları qeyd edib: “Azərbaycanda futbol meydançaları çox deyil, amma yaxşıları da var. Yaxın illərdə bu ölkənin futbolunun inkişaf edib-etməyəcəyini demək çətindir. Amma Azərbaycanda idmana çox pul yatırılır”.

Bandoviç yerli azarkeşlər haqda da söhbət açıb: “Oyun barədə düşünmək lazımdır, kənar amillər haqda yox. Bu, “Panatinaikos”a da aiddir. Onlar ancaq futbola köklənə bilsələr, məşqlərdə planlaşdırdıqlarını oyun zamanı da göstərə biləcəklər”.

Həmin kateqoriyadan